Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan bölgədə yeni xəritə formalaşdırır'' - Politoloq

''Azərbaycan bölgədə yeni xəritə formalaşdırır'' - Politoloq

Tarix: 29 Aprel 2021 12:21

"Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə hər səfəri böyük maraqla qarşılanır".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək:

"Zəngilan və Cəbrayıl rayonlarına edilmiş bu səfər də olduqca mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, öz torpaqları olmayan, oraları vandalcasına dağıdan mənfur ermənilərin vəhşiliklərinin əksinə olaraq ölkə başçımız tərəfindən əsası qoyulan layihələr, eyni zamanda Ermənistana, onun havadarlarına və dünyaya verilən mesajları bir daha göstərdi ki, Azərbaycan xalqı qətiyyətlə öz dədə-baba yurduna qayıdıb və oraları dirçəltmək istiqamətində əməli addımlar ataraq, dünyanın ən inkişaf etmiş texnologiyalarını regiona cəlb edir. Zəngilanda təməli qoyulan və azad olunmuş ərazilərdə say etibarilə ikinci olan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi imkanı yaranır. Nəzərə alsaq ki, bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini də qəbul etməyə qadir olacaq o zaman bu, bütövlükdə bölgənin inkişafında mühüm rol oynayacaq. Eyni zamanda, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək ki, buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Bu da sadəcə Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün deyil, bütövlükdə region üçün ancaq fayda gətirəcək. 

Ş.Həsənova deyib ki, Azərbaycan bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalaşdırır:

"Böyük qayıdışın birinci addımı sayılan və Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci "Ağıllı kənd" layihəsinin də təməli qoyuldu ki, burada tətbiq olunacaq müasir texnologiyalar əslində düşmənə və bütün dünyaya bir mesaj idi. Əvvəla o baxımdan ki, düşmənin buraları barbarcasına dağıtmağından fərqli olaraq biz öz dədə-baba yurdumuza sahib çıxırıq, onu dirçəldirik. Həm də bu işdə qabaqcıl texnologiyaların tətbiqi Azərbaycan dövlətinin intellektual potensialının inkişaf səviyyəsindən, onun gücündən xəbər verir.

Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalaşdırılır. Necə ki, bundan öncə Azərbaycan Asiya ilə Avropanı birləşdirən önəmli nəqliyyat dəhlizləri yaratdı və bununla da Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri qitələrarası yükdaşımalarında mühüm rol oynadı, indi bu siyahıya daha bir nəqliyyat dəhlizi əlavə olunur. Belə ki, daha bir tarixi nailiyyət əldə olunaraq Zəngəzur dəhlizi açılacaq ki, bu da nəinki region ölkələri üçün əhəmiyyətlidir, eyni zamanda bölgənin iqtisadi fəallığını təmin edəcək".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan bölgədə yeni xəritə formalaşdırır Politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ