Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2019 18:03
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus hüquqi şəxslərin apellyasiya şuraları 2019-cu ilin birinci yarısında sahibkarlığın inkişafını ləngidən, iş adamlarının fəaliyyətinə mane olan halların aradan qaldırılması, onların şikayətlərinin operativ və obyektiv həll olunması istiqamətində fəaliyyətlərini davam etdiriblər.
Apellyasiya şuralarının cari ilin birinci yarısında gördüyü işlərə dair Prezident yanında Apellyasiya Şurası hesabat hazırlayıb.
Hesabatı şərh edən Prezident yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyev deyib ki, sahibkarların apellyasiya şuralarına şikayət vermə imkanlarının artırılması, onların hüquqlarının daha tutarlı müdafiə olunması məqsədilə dövlətimizin başçısı 2019-cu il mayın 6-da Fərman imzalayıb. Fərmana əsasən şuraların fəaliyyət istiqamətləri genişləndirilib, dövlətə məxsus hüquqi şəxslərdə də apellyasiya şuraları yaradılıb.
Fərmanın icrasını təmin etmək məqsədilə apellyasiya şuralarının sədrlərinin və katibliyinin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib, şuraların iş prinsipi, vəzifələri, qarşıda duran tələblər hərtərəfli müzakirə olunub, zəruri təşkilati-texniki tədbirlər görülüb. Hazırda ölkədə 161 apellyasiya şurası fəaliyyət göstərir.
Eyni zamanda, dövlətimizin başçısının 2019-cu il 12 mart tarixli Fərmanına əsasən Prezident yanında Apellyasiya Şurasının səlahiyyətləri artırılıb, inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli Prezident yanında Apellyasiya Şurasına həvalə olunub.
Xüsusilə qeyd edilməlidir ki, dövlətimizin başçısının rəhbərliyi ilə son illər iqtisadi və hüquqi sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlar ölkədə sahibkarlığın inkişafına əlverişli şərait yaradıb, qanun pozuntularının, iş adamlarının fəaliyyətinə əsassız müdaxilə hallarının aradan qaldırılmasına, şikayətlərin sayının əsaslı surətdə azalmasına imkan yaradıb.
Bu ilin 6 ayında Prezident yanında Apellyasiya Şurasına fiziki və hüquqi şəxslərdən 113 müraciət daxil olub. Həmin göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə demək olar ki, dəyişməyib (116 müraciət). Bununla belə, aidiyyət və səlahiyyətlə bağlı Şuraya şikayət daxil olmayıb, sahibkarlıq fəaliyyəti ilə bağlı Prezident yanında Apellyasiya Şurasına verilən şikayətlərin sayı 20,8 faiz azalıb.
Prezident yanında Apellyasiya Şurasına ünvanlanmış 113 müraciətdən 65-i sahibkarlıq fəaliyyətinə, Şuranın səlahiyyətinə aid olmadığından baxılması üçün aidiyyəti orqanlara göndərilib. Bu müraciətlər əvvəlki illərdə olduğu kimi, torpaq, mülkiyyət, bank kreditləri, sığorta ödənişləri, kommunal xidmətlər, əməkhaqqı, mənzil şəraiti, korrupsiya halları, cinayət təqibi, məhkəmələrdə baxılan işlər, həmçinin sahibkarların təşəkkürləri ilə əlaqədar olub.
Cari ilin 6 ayı ərzində Prezident yanında Apellyasiya Şurasının səlahiyyətlərinə aid 48 müraciət daxil olub. Onlardan 34 müraciət mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus hüquqi şəxslərin apellyasiya şuralarında baxılmadan birbaşa yuxarı instansiyaya verildiyindən prosedur qaydalara əməl edilməsi üçün aidiyyəti qurumlara, onların apellyasiya şuralarına göndərilib.
Müsbət haldır ki, Prezident yanında Apellyasiya Şurasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlətə məxsus hüquqi şəxslərin apellyasiya şuralarına göndərdiyi müraciətlərin 59 faizi yerlərdə qanuni həllini tapdığından, mübahisələr aradan qalxdığından onlardan yuxarı instansiyaya təkrar şikayət verilməyib.
Ümumiləşdirmə göstərib ki, şikayətlərə mərkəzi və yerli icra orqanlarında, dövlətə məxsus hüquqi şəxslərdə, onların apellyasiya şuralarında baxılması vəziyyəti xeyli yaxşılaşsa da, əvvəlki illərdə yol verilən bir sıra nöqsan və çatışmazlıqlar hesabat dövründə tam aradan qaldırılmayıb.
Bəzi qurumlar, onların apellyasiya şuraları şikayətlərin həllinə səthi yanaşıb, iş üzrə əhəmiyyət kəsb edən halları tam, hərtərəfli, obyektiv araşdırmayıb, qanunvericiliyi düzgün tətbiq etməyib, toplanmış dəlillərə dürüst hüquqi qiymət verməyib, qanunun tələblərinə uyğun olmayan qərarlar çıxarıblar.
Şikayətlərin həllində ən çox yol verilən nöqsanlar müraciət edən şəxslərin iclasa dəvət olunmaması, şura üzvlərinin rəylərinin tərtib edilməməsi, yaxud mövcud tələblərə əməl edilmədən tərtib edilməsi, iclasın videoçəkilişinin aparılmaması, maddi və prosessual hüquq normalarının pozulması, qəbul edilən qərarların əsaslandırılmaması olub.
Sahibkarların şikayətlərinin həllinə lazımi diqqət göstərilməməsi, əsaslı müraciətlərinin rədd edilməsi sahibkarlığın inkişafına mane olur, qanunvericiliyin tələblərinin, iş adamlarının hüquq və mənafelərinin pozulmasına, haqlı narazılıqlara, şikayətlərin sayının artmasına, digər mənfi hallara gətirib çıxarır. Müraciətlərin həllində yol verilmiş nöqsanlara görə Prezident yanında Apellyasiya Şurası mərkəzi və yerli icra hakimiyyətlərinin apellyasiya şuralarının qəbul etdiyi qərarların 83,3 faizini ləğv edib.
Prezident yanında Apellyasiya Şurasının qəbul etdiyi bütün qərarlar aidiyyəti qurumlar, onların apellyasiya şuraları tərəfindən icra olunub, araşdırılması üçün nəzarətlə aidiyyəti orqanlara göndərilən şikayətlərin çoxu bilavasitə yerlərdə obyektiv həllini tapıb.
Təhlil göstərir ki, bəzən vətəndaşlar qanunvericiliyi öyrənmədən, mövcud tələbləri nəzərə almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları halda, bəzən də apellyasiya şuralarının səlahiyyətinə aid olmayan məsələlərlə, məişət, sosial və digər xarakterli şikayətlərlə şuralara müraciətlər edirlər.
Bəzən isə sahibkarlar prosedur qaydalarını pozaraq aidiyyəti qurumlara, onların apellyasiya şuralarına müraciət etmədən, müfəssəl cavab almadan birbaşa Prezident yanında Apellyasiya Şurasına şikayət ünvanlayırlar. Statistikaya əsasən cari ilin 6 ayında apellyasiya şuralarına göndərilmiş şikayətlərin 60,6 faizi şuraların səlahiyyətinə aid olmayıb. Belə hallar lüzumsuz yazışmalara, vaxt itkisinə səbəb olur, şikayətlərin operativ həllinə imkan vermir.
Bir sıra hallarda sahibkarlar qanunvericiliyin tələbini pozaraq əsassız dəlillər, haqsız tələblər irəli sürürlər. Şikayətlərin araşdırılması zamanı iş adamlarının torpaqları zəbt etməsi, həqiqətə uyğun olmayan sənədlər əsasında güzəştli kredit alması, ondan təyinatı üzrə istifadə etməməsi halları müəyyən olunduğundan sənədlər hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib, qanun pozuntularının aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara məktublar ünvanlanıb.
Prezident yanında Apellyasiya Şurası tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus hüquqi şəxslərin apellyasiya şuralarının 2019-cu ilin birinci yarısındakı fəaliyyəti də ümumiləşdirilib.
Müəyyən olunub ki, həmin dövrdə 160 mərkəzi və yerli icra hakimiyyəti orqanının, dövlətə məxsus hüquqi şəxslərin apellyasiya şuralarına fiziki və hüquqi şəxslərdən cəmi 238 şikayət daxil olub.
Onlardan 148 şikayətə şuraların səlahiyyətinə aid olmadığına, digər əsaslara görə baxılmayıb, 52 şikayət iclas başlananadək təmin olunduğundan geri götürülüb.
Həmin qurumların apellyasiya şuraları icraata 38 şikayət qəbul edib. Onların 47,4 faizi (18 şikayət) təmin, 44,7 faizi (17 şikayət) rədd edilib, 7,9 faizi (3 şikayət) baxılma mərhələsindədir.
Apellyasiya şuralarında baxılmış şikayətlər üzrə icra hakimiyyəti orqanlarının 17 qərarı dəyişdirilmədən saxlanılıb, 13 qərarı ləğv edilərək yeni qərarlar qəbul olunub, 5 halda orqan rəhbərlərinin hərəkətsizliyi qanunsuz sayılıb.
Hesabat dövründə dövlət qulluğuna qəbulla bağlı müsahibənin nəticələrindən mərkəzi icra hakimiyyəti orqanlarının apellyasiya şuralarına verilmiş şikayətlərə baxılması vəziyyəti də ümumiləşdirilib.
Cari ilin 6 ayında apellyasiya şuralarına bu qəbildən 72 müraciət daxil olub. Onlardan 31 şikayət təmin, 34 şikayət rədd edilib, 7 müraciət üzrə şikayətçilərə qanunvericiliyin tələbi izah olunub.
Ümumiləşdirmənin nəticələri göstərir ki, apellyasiya şuralarının yaradılmasının profilaktik əhəmiyyəti yüksək olub, onların fəaliyyəti biznes sahəsində qanun pozuntularının qarşısının alınmasına, sahibkarların şikayətlərinin azalmasına müsbət təsir edib.
Statistik göstəricilərdən məlum olur ki, bu ilin 6 ayında mərkəzi icra hakimiyyəti orqanlarının apellyasiya şuralarının 60 faizinə, yerli icra hakimiyyətlərinin apellyasiya şuralarının 93,6 faizinə sahibkarlardan ümumiyyətlə şikayət daxil olmayıb, dövlətə məxsus yalnız bir hüquqi şəxsin apellyasiya şurasına şikayət ünvanlanıb.
Sahibkarların hər bir müraciətinə diqqət və məsuliyyətlə yanaşılması, şikayətlərinin vaxtında, düzgün araşdırılması, haqlı tələblərinin təmin olunması məqsədilə Prezident yanında Apellyasiya Şurası tərəfindən apellyasiya şuralarına tapşırıq verilib.
İş adamlarının şikayətlərinin həllində və qanun pozuntularının qarşısının alınmasında qabaqlayıcı təsirə, profilaktik əhəmiyyətə malik olan, çoxpilləli nəzarət mexanizminə əsaslanan apellyasiya şuraları qanunun aliliyinin təmin edilməsi, ədalətin bərqərar olması, sahibkarların hüquqlarının, qanuni mənafelərinin qorunması, onların fəaliyyətinə müdaxilə hallarının aradan qalxması istiqamətində öz səylərini davam etdirməkdədir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin