Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

General Muradov: qalacaq ya gedəcək?

General Muradov: qalacaq ya gedəcək?

Tarix: 5 May 2021 14:24

Erməni mediası növbəti dəfə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradovu hədəfə alıb. Bu dəfə onun geri çağırıla biləcəyi barədə xəbər yayıblar. Xəbəri yayan "Joğovurd" qəzeti hətta onun yerinə başqa generalın təyinat alması ehtimalının olduğunu da yazıb. "Razılaşmaya əsasən, Rusiya tərəfi 6 aylıq müddət bitdikdən sonra sülhməramlı kontingentin komandirini dəyişə bilər", - deyə qəzet yazır.

Qəzetə açıqlamasında hərbi ekspert Vladimir Yevseyev isə komandirin rotasiyasının mütləq şərt olmadığını və Muradovun xidmətini davam etdirə biləcəyini qeyd edib. Rusiya KİV-i isə Rüstəm Muradovun yerinə başqa hərbçilərin də namizəd olduğunu iddia edir. Rüstəm Muradovun namizədliyini Rusiya Baş Qərargahı uzunmüddətli araşdırmalardan sonra müdafiə naziri Sergey Şoyquya təqdim edib. Sonda isə Muradovun dəyişdirilə biləcəyinin gündəlikdə durmadığı vurğulanıb.

Bəs görən nədən ermənilər sülhməramlı qüvvələrinin rəhbərini yenə də hədəfə alıbrlar? Gah onun milliyyəti məsələsini qaldırır, gah da onların deyil, Azərbaycanın maraqlarını ifadə etdikləri barədə cəfəngiyyat yayırlar. Çox güman ki, səbəb rusiyalı generalın ötən ay Ermənistan mediasını, hakimiyyət orqanlarını təxribatçı bəyanatlar səsləndirməkdə ittiham etməsi də ola bilər. Söhbət onun Azərbaycanda olan erməni diversantları azad etmək məsələsində tutduğu mövqe ilə bağlı idi. Özü də tək erməni mediası deyil, deputat, politoloq və rəsmilər də Muradova qarşı ara-sıra tənqidi fikirlər səsləndirirlər.

Məsələn, erməni politoloq Armen Badalyan hesab edir ki, hərbçi Rüstəm Muradov baş nazirə siyasi sillə vurdu, yəni baş nazirin siyasi səviyyəsini sülhməramlı qoşunların komandiri statusuna endirdilər. Onun sözlərinə görə, bu hadisə Ermənistanın hazırkı baş nazirinə siyasi sillə kimi qəbul edilib. "Özünün və baş nazir müavininin mətbuat katibləri qeyd ediblər ki, əsirlər gəlirlər. Sonra isə məlum oldu ki, heç bir əsir yoxdur. Üstəlik, belə desək, Dağlıq Qarabağın komendantı Muradov dedi ki, sizin səlahiyyətli şəxsləriniz sizi aldadırlar", - deyə Badalyan bildirib.

Görünən odur ki, Muradov doğrudan da ermənilər üçün arzuolunmaz şəxsə çevrilir. Və bu səbəbdən də generalı hədəfə alan məqalə və xəbərlərin sayı artmaqda davam edəcəyini gözləmək olar.

Azər Nuriyev


Etiketlər:  General Muradov qalacaq gedəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ