Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2021 11:48
"Hesab edirəm ki, "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyalarının Azərbaycanın yerli spesifikasını nəzərə alınması ilə ölkəmizdə tətbiq edilməsi ölkənin dayanıqlı və eyni zamanda qabaqlayıcı iqtisadi inkişafına çox ciddi təkan verə bilər".
Bunu Sonxeber.net-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
O bildirib ki, "Ağıllı kənd", həm "Ağıllı şəhər"dəki mütərəqqi idarəetmə modellərinin tətbiqi eyni zamanda ənənəvi texnologiyaların inkişafı və onların da təkmilləşdirilməsi ilə tamamlanmalıdır:
"Həm Cənubi-Şərqi Asiya ölkələrində, həm Avropada "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyalarının yayılmasının şahidi olmuşuq. Bizim ölkəmizin də bu baxımdan öz spesifikası var. Bununla yanaşı işğaldan azad olunan ərazilərin spesifikası var ki, orada faktiki olaraq sıfırdan yeni idarəetmə modelinin qurulmasına ciddi ehtiyac var və yeri gəlmişkən, ölkə Prezidenti ilin əvvəlindən bunu bəyan etmişdir. Ona görə də düşünürəm ki, Azərbaycanın spesifikası sözsüz ki, nəzərə alınmalıdır və işğaldan azad olunan ərazilər faktiki olaraq bu istiqamətdə pilot layihələrin icrası nöqteyi nəzərdən bir effektiv meydançadır ki, biz əgər həm "Ağıllı kənd", həm "Ağıllı şəhər", həm digər mütərəqqi texnologiyaların tətbiqini işğaldan azad olunmuş ərazilərdə təmin edə bilsək, onda sonradan tədricən bu yanaşmaların bütövlükdə ölkəyə yayılmasına çox ciddi təkan verə bilər.
Bu o demək deyil ki, ənənəvi sahələrin inkişafına soyuq yanaşmalıyıq. Həm "Ağıllı kənd", həm "Ağıllı şəhər", həm bütövlükdə mütərəqqi idarəetmə modellərinin tətbiqi eyni zamanda ənənəvi texnologiyaların inkişafı və onların da təkmilləşdirilməsi ilə tamamlanmalıdır. Çünki iqtisadiyyatda bu harmoniya olmalıdır. Əks halda sözsüz ki, dayanıqlı iqtisadi inkişaf mümkün olmaz".
Təhməz Əsədov