Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2021 11:34
Xaricdə yaradılmış sayca 8-ci ticarət evi Nur-Sultanda yerləşir
Qazaxıstanın paytaxtı Nur-Sultanda "Azərbaycan Ticarət Evi"nin açılış mərasimi keçirilib. Bununla əlaqədar təşkil olunmuş tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələr üzrə işçi qrupunun üzvləri, sahibkarlar, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri iştirak ediblər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığının icrası olaraq İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış "Azərbaycan Ticarət Evi" "Made in Azerbaijan" brendinin Qazaxıstan bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, Nur-Sultanda satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, Azərbaycan investorları Qazaxıstanda bir sıra mühüm layihələrin icrasında iştirakçı qismində çıxış edirlər. Bunların sırasına fabriklərin inşası, xidmət şirkətlərinin yaradılması, neft və qaz-kondensat yataqlarının işlənməsi daxildir.
Hazırda Aktauda transformator zavodu tikilir. Bu yaxınlarda isə Azərbaycan sahibkarları tərəfindən Qazaxıstanda boya istehsalına start verilib.
ticarət evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə Azərbaycan şirkətlərinin istehsal etdiyi çay, mürəbbə, meyvə şirələri, mineral sular, konserv məhsulları, qənnadı məmulatları, kosmetik məhsullar və sair nümayiş olunur.
Bundan başqa ticarət evində Azərbaycanın zəngin mətbəxini təqdim edən "Dolma"restoranı da fəaliyyət göstərir.
Qazaxıstanda açılan "Azərbaycan Ticarət Evi" ölkəmizin xaricdə yaradılmış sayca 8-ci ticarət evidir.
Qeyd edək ki, gələcəkdə sözügedən ticarət evinin Qazaxıstanın müxtəlif bölgələrində, Aktau və Almatıda filial şəbəkəsinin genişləndirilməsi sahəsində danışıqlar aparılır və tezliklə açılması nəzərdə tutulur.