Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 13:16
Yaradılacaq müəssisələr aqrar istehsalın hərəkətvericisi olmalıdır
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Ağdamda təməli qoyulan sənaye parkında 110 milyon manat sərmayə qoyulacaq və 330 iş yerinin açılması düşünülür. Ümumiyyətlə, hökumət səviyyəsində işğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Ağdamda sənaye mərkəzi, Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaq.
Millət vəkili Vüqar Bayramov REAL TV-yə bildirib ki, işğaldan azad olunmuş rayonlarda sənaye parkları yaradan zaman sektorlar üzrə qruplaşdırma çox vacibdir. Qruplaşdırma zamanı məhsulların ixrac imkanlarının olub-olmaması müəyyən edilməlidir.
Millət vəkili düşünür ki, sənaye parkları işğaldan azad edilmiş ərazilərin yerləşdiyi iki iqtisadi rayonun Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarının Azərbaycan iqtisadiyyatındakı payını 10 faizdən yuxarı qaldırmalıdır. Vüqar Bayramovun sözlərinə görə, işğal müddətində həmin iki rayonun Azərbaycan iqtisadiyyatında payı 0,8 faiz olub. Lakin işğaldan öncəki dövrün statistikası millət vəkilinin bu istəyinin həyata keçirilə bilən olduğunu ortaya çıxarır. İşğaldan öncə həmin ərazilərdə 120 min hektardan artıq əkin sahəsi, 35 min hektara yaxın üzümlük və meyvə bağı olub. Həmin bölgə işğala qədər ölkə üzrə ümumi daxili məhsul istehsalının 24 faizini, üzüm istehsalının 41 faizini, kartof istehsalının 46 faizini, ət istehsalının 18 faizini, süd istehsalının isə 34 faizini verib.
Təbii ki, bütün bu istehsal, o cümlədən 24 faizlik ümumi daxili məhsul göstəricisi sovet dövrünün kollektiv inzibati idarəetmə üsulu hesabına əldə edilirdi. Həmin dövrdə bölgənin kollektiv təsərrüfatlarında becərilən üzümdən şərabçılıq məhsulları istehsal edilirdi və Sovet İttifaqının geniş bazarlarına göndərilirdi. Fərdi təsərrüfatlara bölünmüş və yalnız daxili bazara işləyən Azərbaycan kəndində isə həmin göstəriciləri əldə etmək çox çətindir. Bu baxımdan bölgədə qurulacaq sənaye parkları işğaldan azad edilmiş kəndlərdə istehsalı stimullaşdıracaq hərəkəverici qüvvə olmalıdır. Yəni kəndlilər üçün becərdikləri məhsulları həm xarici, həm də daxili bazarlar üçün işləyən empl müəssislərinə satış imkanları yaradılmalıdır. Vüqar Bayramov bu məsələdə "ağıllı kənd" modelinin işə yarayacağını düşünür.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan kənd təsərrüfatının ümumi daxili məhsulda payının az olmasının səbəblərindən biri də, Azərbaycanda xırda pay torpağı olan fermerlərin üstünlük təşkil etməsi ilə bağlıdır.