Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2021 11:40
Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlər müsbət nəticələr verir, artıq məhdudiyyətlər yavaş-yavaş aradan qaldırılır. Azərbaycan artıq post-COVID dövrünə hazırlaşır. Məlumdur ki, pandemiya dövründə bir çox sahələr, xüsusilə də turizm sahəsi ciddi zərərlə üzləşdi. Hazırda qarşıda duran əsas məsələ məhz turizm sektorunun post-pandemiya dövründə yenidən inkişaf etdirilməsi və əvvəlki göstəricilərə çatdırılmasıdır.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, artıq ölkəmiz post-COVID dövrünə hazırlaşır. Pandemiya dövründə həyata keçirilən uğurlu qərarlar yavaş-yavaş öz müsbət nəticələrini göstərir.
İqtisadçı ekspert, professor Elşad Məmmədov deyir ki, son günlər ticarət şəbəkələrinin fəaliyyətinin bərpa olunması, daxili mal dövriyyəsində müşahidə olunan müsbət dinamika iqtisadi canlanma və işgüzar fəallıqdan xəbər verir. Karantin qaydaları ilə bağlı məhdudiyyətlərin yumşaldılması və vaksinasiya prosesinin çox uğurlu şəkildə davam etdirilməsi tez bir zamanda post-Covid dövrünə keçməyimizə imkan verəcək. Ekspertin fikrincə, Formula 1 yarışının, o cümlədən, futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsi də ölkəmizin Covid-lə mübarizədə əldə etdiyi uğurlu nəticələrdən xəbər verir.
Bu oyunlar pandemiya dövründən böyük zərərlə çıxan turizm sahəsini də xeyli dirçəldəcək.
Qeyd edək ki, pandemiya dövründə bir çox sahələr, xüsusilə də, turizm sektoru ciddi ziyan çəkib. Post-pandemiya dövründən gözləntilər tam fərqlidir. Turizmin yenidən inkişaf etdirilməsi və əvvəlki göstəricilərin bərpa olunması əsas prioritetlərdəndir.