Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya və Ermənistan gizli danışıq aparıb - Sərhəddə problemi kim yaradır?

Rusiya və Ermənistan gizli danışıq aparıb - Sərhəddə problemi kim yaradır?

Tarix: 4 Iyun 2021 12:30

Keçən ayın ortalarından etibarən Azərbaycan Ermənistan sərhədində yaranan insident nəinki səngimək bilmir, hətta daha da gəginləşən xətt üzrə artmaqda davam edir. 

Ermənistan-Azərbaycan sərhədində vəziyyət mayın 12-də yenidən gərginləşdi. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışsa da Ermənistanın üzvü olduğu KTMT-yə müraciəti təşkilat tərəfindən rədd edildi. Bunun ardından Azərbaycan ərazisi mayın 24-dən 26-dək üç istiqamətdə - Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutuldu. Mayın 25-də Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə məlumat yayıb, bildirib ki, guya bir əsgər həlak olub. Lakin Azərbaycan Müdafiə Nazirliyi bunu təkzib edərək mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd etdiyini, bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısının alındığını bildirdikdən sonra qarşı tərəf erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insidentin isə bədbəxt hadisə nəticəsində baş verdiyini, bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi olmadığını etiraf etdi. Bunun ardınca mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. Qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Onlara qarşı dərhal əməliyyat tədbirləri görülüb. Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

Elə həmin gecə - mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qaldı. Məlumata görə, atəş nəticəsində hərbi qulluqçumuz yaralandı.

Bundan 2 gün sonra isə, (mayın 30-da) sosial şəbəkə səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayıldı, bununla bağlı Dövlət Sərhəd Xidmətindən bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir, Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır.

Mayın 31-də isə Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "Qrifon-12" tipli pilotsuz uçuş aparatının (PUA) bölmələrimiz tərəfindən aşkar olunması isə Azərbaycanın hava sərhəddini kobud şəkildə pozulduğunu, erməni təxribatının qırmızı xətti keçdiyini çılpaqlığı ilə bir daha nümayiş etdirdi. Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "Qrifon-12" tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

Lakin təxminən iki həftə ərzində Azərbaycana qarşı sərhəddə ard-arda törədilən təxribatlar bununla yekunlaşmadı. Belə ki, iyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutublar. Silahlı qüvvələrimizin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində erməni diversantlar ölkəmizin ərazisindən çıxarılıb.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribat faktıdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür. Bu, Ermənistanın eyni istiqamətində sərhədi pozmağa çalışdığı ikinci cəhdidir. Kəlbəcər istiqamətində irəliləmək istəyən İrəvanın hərbi və siyasi hədəfləri olduğu açıq-aydın görünür. Ermənistan 40 silahlının sərhədi keçərək irəliləməsi Kəlbəcər istiqamətində strateji yüksəklikləri ələ keçirmək,  ermənilərin sərhəd kəndlərinin "təhlükəsizliyini" təmin etmək, ələ keçirəcəkləri yüksəkliyi sərhəd danışıqlarında Azərbaycan ordusunun mövqelərindən geri çəkilməsinə nail olmaqla yanaşı, Ermənistanın Azərbaycan hərbçilərini əsir götürmək planının olduğu ehtimallarını artırır. Məqsəd isə bəlli, Bakının əlindəki erməni təxribatçılarla onları dəyişdirməkdir. Və bununla da Paşinyan təxminən 2 həftə sonra baş tutacaq parlament seçkiləri öncəsi əməlli-başlı divident qazanaraq yenidən Ermənistanın başına keçmək istəyir. 

Lakin hadisələrin xronologiyasına nəzər saldıqda bir çox qaranlıq məqamlara işıq tutmaq mümkün görünür. Diqqət yetirsək görərik ki, 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq sərhəddəki delimitasiya, demarkasiya proseslərinə mane olmaq üçün qarşı tərəfin gərginlik yaratmaq cəhdləri məhz Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvana və Bakıya səfərindən sonra başladı. Bu məsələ proseslərdə Moskvanın "barmağı olduğu" iddialarını gücləndirir. Hətta Moskvanın imzası olduğu kommunikasiyaların açılmasında maraqlı görünmədiyi son zamanlar daha çox hiss edilməyə başlayıb. Bəs, rəsmi Moskvanı belə düşünməyə nə vadar edə bilər? Kommunikasiyaların açılması Ermənistanı böhrandan çıxara bilər ki, bu da Qərb meyilli siyasəti ilə seçilən Paşinyan hakimiyyətini Moskvaya qarşı daha güclü şəkildə çıxmaq ehtimallarını artıra bilər. Eyni zamanda Zəngəzur dəhlizinin açılması iki xalq arasında (Azərbaycan-Ermənistan) zamanla düşmənçilik hisslərini də azalda bilər ki, bu da Moskvanın geosiyasi maraqlarına uyğun deyil. Ermənistanın eks prezidenti Robert Koçaryanın RBK televiziya kanalına verdiyi müsahibə zamanı söylədiyi "Rusiya olmasa Azərbaycan Zəngəzur dəhlizini açacaqdı" fikir Zəngəzur dəhlizinin açılması məsələsinin hələ də niyə yubadıldığını, bunda kimin maraqlı tərəf olduğu iddialarını bir az da gücləndirmiş olur.

Ermənistanın isə bu məqamda regionda kommunikasiyaların bərpa edilməsi üzrə üçtərəfli komissiyanın (Azərbaycan-Ermənistan-Rusiya) işində iştirakını dayandırmaqla bağlı anonsunun rəsmi Moskva ilə razılaşdırıldığı istisna edilmir. İrəvanda Ermənistan hökumət başçısının müavini Mqer Qriqoryan jurnalistlərə açıqlaması zamanı, bu qərarı erməni əsirlər probleminin həll edilməməsi və Azərbaycanın guya onların ərazilərinə "təcavüzü" ilə izah edib. Lakin rəsmi İrəvanın məqsədi aydındır, Paşinyan parlament seçkilərinə qədər Azərbaycandan ələ keçirdiyi diversantları geri alarsa böyük ölçüdə seçkinin nəticələrini həll edəcəyini düşündüyü üçün bütün imkanlarını məhz bu istiqamətdə xərcləməyi qarşısına məqsəd qoyub.

Amma istənilən halda rəsmi Moskva nəzərə almalıdır ki, İrəvanın bu addımı Azərbaycan dövlətinə qarşı açıq şantajdırsa, heç şübhəsiz ki, Kreml sahibi Vladimir Putinin də nüfuzuna xələl gətirən məsələdir. Çünki regionda kommunikasiyaların bərpa edilməsi üzrə üçtərəfli komissiya işi 10 noyabr bəyanatının şərtləndirdiyi 11 yanvar Moskva görüşü zamanı verilmiş qərar idi. Bu qərarın altında Azərbaycan və Ermənistan rəhbərləri ilə yanaşı, vasitəçi qismində iştirak edən Rusiya dövlət başçısının da imzası var.

Təhməz Əsədov


Etiketlər:  Rusiya Ermənistan gizli danışıq aparıb Sərhəddə problemi yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ