Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhidin həyat yoldaşı: Çalışacağam ki, oğlanlarım ataları kimi layiqli övlad olsunlar - VİDEO - FOTO

Şəhidin həyat yoldaşı: Çalışacağam ki, oğlanlarım ataları kimi layiqli övlad olsunlar - VİDEO - FOTO

Tarix: 9 Iyun 2021 23:26

Vətən müharibəsinin ilk günündən komandiri olduğu tank bölüyü ilə Füzuli istiqamətində döyüşə atılaraq, düşmənin ön cəbhə xəttini yaran zabitlərimizdən biri də şəhid baş leytenant Namiq Mailovdur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, uşaqlıqdan özünə qəhrəman generallarımızı örnək seçən Namiq Mailov, 2001-2003-cü illərdə həqiqi hərbi xidmətdə olarkən həyatını hərb sənətinə həsr etməyi qarşısına məqsəd qoyur. Elə bu amalla gizirlikdən zabit hərbi rütbəsinə qədər yüksəlir. O, 2011-ci ildə könüllü olaraq Füzuli rayonunda tank taborunda xidmətə göndərilir. 2016-cı ildə kiçik leytenant rütbəsində bölük komandiri kimi Aprel döyüşlərinə qatılır. Həmin döyüşlərdə yaralanmasına baxmayaraq, igid tankçı sağaldıqdan sonra yenidən xidmətə qayıdır.

Vətən müharibəsinin ilk günü - sentyabrın 27-də isə Füzuli rayonu uğrunda gedən döyüşlərdə Namiq Mailov qorxmadan savaş meydanına atılaraq, düşmənin ön cəbhə xəttini yarır, bir neçə istehkam məntəqəsini və texnikasını məhv edir.

Şəhid atası Abış Mailov deyir ki, oğlu ilə qürur duyur. O, Vətən müharibəsində qəhrəmancasına döyüşdü. Dörd kəndin düşməndən azad edilməsində onun böyük payı olub. Namiq işğalçı ermənilərə ağır zərbələr endirərək düşmən cəbhəsini yarıb və irəlidə gedərək şəhidlik zirvəsinə ucalıb.

Namiq həyat yoldaşı Arzu ilə elə sentyabrın 27-də səhər 9-un yarısı danışmışdı. "Haqqını halal elə, uşaqlardan muğayat ol. Özünüzə yaxşı baxın" demişdi. Mən ona, bir söz deməyə imkan tapa bilmədim. Elə dedi, telefonu söndürdü. Sonuncu danışığımız oldu. İki övladımız var. Onlar da hərbçi olmaq istəyirlər. Çalışacağam ki, ataları kimi layiqli övlad olsunlar", - deyə şəhidin həyat yoldaşı bildirib.

Şəhidimizin özündən sonra Vətənə, ailəsinə əmanət qoyduğu 2 oğul övladı - 11 yaşlı Cəsur və 6 yaşlı Cahid yadigar qalıb. Onlar da ataları kimi hərbçi olmaq istəyi ilə vətənpərvər ruhda böyüyürlər.

Namiq Mailov oktyabrın 4-də Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb. Şəhid baş leytenant ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.


Etiketlər:  Şəhidin həyat yoldaşı Çalışacağam oğlanlarım ataları kimi layiqli övlad olsunlar VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ