Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dadı ilə seçilən şaftalının alıcısı da kifayət qədərdir - Reportaj - VİDEO

Dadı ilə seçilən şaftalının alıcısı da kifayət qədərdir - Reportaj - VİDEO

Tarix: 11 Iyun 2021 11:44

Cənub bölgəsində artıq bir həftədir yazlıq meyvə yığımına başlanılıb. Lənkəranda yenicə salınmış şaftalı bağlarından bol məhsul əldə edən təsərrüfatçılar meyvəçiliyin gəlirli sahə olduğunu deyirlər. Dadı və keyfiyyəti ilə seçilən şaftalının alıcısı da kifayət qədərdir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Lənkəran rayonunun Lüvəsər kəndində 2019-cu ildə 2,5 hektar ərazidə salınmış şaftalı bağlarında bol məhsul yetişib. Təsərrüfat sahibi Amil Rüstəmov həm şaftalı bağlarının məhsuldarlığından, həm də satış qiymətindən razıdır. Hazırda ağaclarda şaftalının yığımına başlanılıb. Bir ağacdan təxminən 50-60 kiloqram məhsul toplanılır. Bağ sahibinin sözlərinə görə, suvarılma mütəmadi həyata keçirilərsə, bundan da çox məhsul əldə etmək olar.

Bağ sahibi Amil Rüstəmov deyib: "Bağımda müasir tələblərə cavab verən meyvə sortları əkmişəm. Burada əsasən nektarin, tüklü şaftalı sortları yetişdirilir. Məhsulu daxili bazarda satırıq. Yerindən 2 manat 50 qəpik - 2 manat 70 qəpiyə alıb aparırlar. Növbəti ildə ağacların sayını daha da artırmağı planlaşdırırıq".

Hazırda bağda 4 növ şaftalıdan 1500-ə qədər ağac məhsula düşüb. Hər il ağacların sayı calaq yolu ilə artırılır. İntensiv meyvə bağında sulama müasir damlama üsulu ilə həyata keçirilir. Ağacların xəstəliklərdən qorunması üçün zərərvericilərə qarşı tədbirlər görülür, bütün aqrotexniki qaydalar vaxtında aparılır.

"Bunlar İtaliyadan gətirilən calaqaltı materiallardır. "Karnel b1" adlanır. Avqust ayında onları göz calağı edəcəyik. Biz ən müasir standartlara uyğun meyvə sortları seçmişik. Vaxtında aqrotexniki qulluq göstəririk. Zərərvericilərə qarşı da vaxtında tədbirlər görülür. Çalışırıq ki, bizə müraciət edən fermerlər hər hansı bir çətinliklə üzləşməsinlər", - deyə aqronom Ramiz Hüseynov bildirib.

Fermerlər yığılan məhsulu satmaqda çətinlik çəkmir. Alıcılar məhsulu elə bağdan alaraq daxili bazarda satışını həyata keçirirlər. Bu il meyvə bağları ilk dəfə bar verdiyi üçün 5 tona qədər məhsul yığılması proqnozlaşdırılıb. Növbəti illərdə isə bağlardan 40-50 ton şaftalı toplanılması nəzərdə tutulub.


Etiketlər:  Dadı ilə seçilən şaftalının alıcısı kifayət qədərdir Reportaj VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ