Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2400 yaşlı nadir tarixi abidə olan Qızıltəpədən reportaj - FOTO

2400 yaşlı nadir tarixi abidə olan Qızıltəpədən reportaj - FOTO

Tarix: 14 Iyun 2021 22:42

İmişli rayonu ərazisində yerləşən Qızıltəpə tarixi abidəsində 800 il bundan əvvəl qazılmış quyu, müşahidə məntəqəsi və istehkam divar hörgüləri aşkar olunub. Eradan əvvəl IV əsrə aid olunan ərazidə aşkarlanan tapıntılar Səlcuqlu imperiyası dönəmini əhatə edir.

İmişlidə qədim tarixə malik olan Muxurtəpə, Zili təpə, həmçinin Qızıltəpə adlı tarixi məkanlar mövcuddur. Milli Elmlər Akademiyasının nümayəndələri tərəfindən aparılan araşdırmalar zamanı bu yerlərdə bir çox maddi-mədəniyyət nümunələri aşkarlanıb. Bunlar arasında diqqət çəkən tarixi abidə isə Qızıltəpədir. Burada aparılan arxeoloji qazıntılar zamanı Səlcuqlu imperiyasının tarixini və mədəniyyətini özündə birləşdirən nümunələrə rast gəlinib.

Sonxeber.net bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Qızıltəpədə aparılan arxeoloji işlərlə tanış olmaq üçün əraziyə baş çəkib, maraqlı faktlar toplayıb.

Qalaya gedən yolda su hövzəsi var. Kənd sakininin köməyi ilə qayıqla qala ərazisinə daxil olduq. Sonra qalanın üzərinə çıxmaq üçün ayaqla yol qət etdik. Nəhayət, Qızıltəpə adlı ərazinin müşahidə məntəqəsi adlandırılan əraziyə çatdıq.

İmişli Arxeoloji Ekspedisiyasının rəisi Mikayıl Mustafayevlə söhbət zamanı bildirib ki, Qızıltəpə nəinki İmişlidə, ümumiyyətlə, Azərbaycan ərazisində unikallığı ilə seçilən abidədir. "Burada aparılan ilk müşahidələr zamanı Qızıltəpənin müdafiə xarakterli və ciddi qorunan bir qala olduğu qənaətinə gəlirik. Bu yerin bir özəlliyi ondan ibarətdir ki, qala tamamilə su hövzəsi ilə əhatələnib. Eyni zamanda, qala digər tarixi abidələrlə perpendikulyar yerləşir", - deyə o əlavə edib.

Qızıltəpədə qazıntı işləri ilk dəfə 2018-ci ildə aparılıb. Qalanın üst qatında orta əsrlərə aid tarixi əşyalar üzə çıxıb. Həmçinin arxeoloqlar burada ilk dəfə rast gəlinən və yaşı min ildən çox olan təndir aşkar ediblər. Üzərində rəngli naxışlar olan, əl işləri ilə döymələr vurulan bir çox məişət əşyası da tapılıb.

Mikayıl Mustafayev qeyd edib ki, qazıntının ilk mərhələsi bu yerin orta əsrlərə aid olduğunu göstərsə də, məkanın yaşının eradan əvvəl IV əsrə gedib çıxdığını göstərən faktlar da var. Vaxtı ilə bu yerlər Qafqaz Albaniyasının Paytakaran adlı vilayətinin ərazisinə daxil olub. Ərazinin karvan yolları üzərində yerləşməsi Azərbaycanın hələ əsrlər öncə digər dövlətlərlə ticarət əlaqəsinin olduğunu bir daha təsdiqləyir.

İki hissədən ibarət olan Qızıltəpə 5 hektardan çox ərazini əhatə edir. Tarixi abidənin hündürlüyü isə 14 metrdir. Buradan ətrafı müşahidə etmək olur. Budəfəki qazıntı işləri zamanı Səlcuqlu imperiyasının tarixinə və mədəniyyətinə dair nümunələr də aşkarlanıb. Belə ki, yaşı təxminən 800 ilə yaxın olan su quyusu tapılıb. Həmçinin müşahidə məntəqəsi üçün nəzərdə tutulan tikili və müdafiə xarakterli qala divarları aşkar edilib. Bu da onu göstərir ki, Qızıltəpə Səlcuqlu dövlətinin iqamətgahlarından olub.

Qızıltəpəyə xarici arxeoloqlar da səfər edib. Qazaxıstandan olan arxeoloq Alim Samaşov 2019-cu ildə burada olarkən Qızıltəpə ilə oxşar olan və türk mədəniyyətini özündə əks etdirən bir çox abidənin Qazaxıstanda da olduğunu bildirib. Maraqlı məqam isə ondan ibarətdir ki, həmin qalaların oxşar taleləri var. Həmin qalalar Monqol istilasına məruz qalıb.


Etiketlər:  2400 yaşlı nadir tarixi abidə olan Qızıltəpədən reportaj FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ