Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi meyvələrin qan duruldan dərman vasitələri ilə birgə istifadəsi koronavirus xəstələri üçün məsləhət deyil

Bəzi meyvələrin qan duruldan dərman vasitələri ilə birgə istifadəsi koronavirus xəstələri üçün məsləhət deyil

Tarix: 16 Iyun 2021 23:54

Qan duruldan dərman preparatlarından istifadə edən koronavirus xəstələri xüsusilə yay mövsümündə meyvə, giləmeyvə və tərəvəzlərdən istifadə zamanı ehtiyatlı olmalıdırlar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-infeksionist, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib.

Həkim-infeksionist bildirib ki, qan duruldan dərman vasitələri ilə qan durulaşdırıcı xüsusiyyətə malik meyvələrin, məsələn, albalı, gilas və narın müalicə müddətində birgə istifadəsi məsləhət deyil: "Koronavirus infeksiyası qanın laxtalanma prosesinə təsir göstərir. Laborator müayinə zamanı qanın laxtalanmasının normada olmadığı ortaya çıxarsa, xəstəyə mütləq qan durulaşdırıcılar təyin edilir. Yay meyvə-tərəvəzlərlə bol mövsüm olduğu üçün yay meyvələri arasında qan durulaşdırıcı xüsusiyyətə malik olanları da çoxdur. Əslində, meyvə-tərəvəzlər təbii olduğu üçün xəstələrdə ciddi fəsadlar yaratmır, amma qan duruldan dərman vasitələri ilə birgə qəbul olunması məsləhətli deyil. Bundan başqa, şəkərli diabet xəstələri üzüm, şaftalı və ərik kimi qlükoza ilə zəngin meyvələrdən müalicə zamanı davamlı istifadə edərlərsə, qanda şəkərin miqdarı kəskin artar. Bu, xəstənin koronavirusdan sağalma müddətini uzadır. Həmçinin digər yanaşı xəstəliyi olanlar da mütləq pəhriz saxlamalıdırlar. Məsələn, qaraciyər xəstələri yağlı qidalardan, böyrək xəstəliyi olanlar duzlu qidalardan, allergik xəstələr isə sitrus meyvələrindən mümkün qədər uzaq durmalıdırlar. Çünki belə qidalardan istifadə xroniki proseslərin kəskinləşməsinə gətirib çıxarır".

V.Cavadzadənin sözlərinə görə, lazım olan miqdarda meyvə-tərəvəz qəbulu isə immun sisteminin möhkəmlənməsinə və xəstəliyə qarşı dözümlülüyün artmasına səbəb olur: "Eyni zamanda, düzgün qidalanma nəticəsində koronavirusdan sağalma müddəti qısalmış olur. Meyvələrin əksəriyyəti qanın laxtalanmasını normal həddə saxlayır. Yəni, yay mövsümündə vitaminlə zəngin qidaların qəbulu orqanizm üçün faydalıdır. Gün ərzində ehtiyac duyulan vitamin qəbulu zamanı orqanizm özü-özünü tənzimləyir".


Etiketlər:  Bəzi meyvələrin duruldan dərman vasitələri ilə birgə istifadəsi koronavirus xəstələri üçün məsləhət deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ