Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2021 20:05
Müğənni Xatirə İslamın verilişlərdən pul tələb etməsi yenidən gündəmə gəlib.
"MTV Azərbaycan" bu mövzunu araşdırıb. Xarici ölkələrdə tanınmışların proqramlardan pul aldığı ortaya çıxıb.
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, X.İslamın həmkarları məsələyə münasibət bildiriblər. Zamiq Hüsyenov efirlərin onlara ödəniş etməsinin yaxşı ola biləcəyini söyləyib:
"Telekanalların maddi durumunu da fikirləşək. Yaxşı qazansalar, qonorar verə bilərlər. Bizə pul ödəməyə hazır olmalıdılar ki, ürəklə versinlər. Lakin gələcək üçün bu sistemin yaranması sevindirici olar.
Pandemiya dövründə anladıq ki, bütün ifaçılar gözümüzü toylara dikmişik. Məclislər, tədbirlər olmayanda çətinlik çəkdik. Bir il yarımdır ki, qazancımız yoxdur.
Əlimizdə-ovcumuzda nə varsa, satdıq. Digər ölkələrdə radiolarda, telekanallarda klipləri yayımlanırsa, müğənniyə ödəniş edilir. Bizdə də olsa, yaxşıdır. Duruma görə, danışmaq lazımdır. Bəzən televizyalar deyirlər ki, müğənnilərin üzərində əməyimiz var. Əgər ifaçının sənəti olmasa, efirə 40 dəfə də çıxsa, unudular. Verilişlər deməsinlər ki, sizi biz populyar etmişik".
Müğənni Nərmin Kərimbəyova isə X. İslamla qismən razılaşdığını bildirib:
"Bu, çox yaxşı olardı. Çünki ifaçılar yeni mahnılara, həm də efirə layiqli çıxmaq üçün xərc çəkirlər. Lakin nəzərə almaq lazımdır ki, televiziyalar bizim tanınmağımızda böyük rol oynayıblar. İlk gündən telekanallar mənə dəstək olublar. Onlara şərt qoymaq ağlıma gəlməyib. Reallıqları, televiziyanın durumunu da nəzərə almalıyıq. Ona görə qonorar istəmərəm. Daha yaxşı bir vəziyyətdə olar".
Yaşar Yusub həmkarının fikirlərinə hörmətlə yanaşdığını deyib:
"Amma mən efirə pulla getmirəm. Xatirənin öz düşüncəsidir. Bəzi ölkələrdə bu sistem var. Biz hələ o vəziyyətdə deyilik. Belə iddiam yoxdur".