Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 10:22
Fəaliyyətində ciddi nöqsanlar aşkarlanmış 8 tibb müəssisəsi ilə bağlı zəruri məlumatlar toplanaraq hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sonxeber.net-a verilən məlumata görə, AQTA tərəfindən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən bır sıra tibb müəssisələrində yoxlamalar başa çatıb.
Cari ilin aprel-iyun aylarında paytaxt Bakı şəhəri istisna olmaqla ölkə ərazisi üzrə ümumilikdə 46 tibb müəssisəsini əhatə edən yoxlama-nəzarət tədbirləri zamanı qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılıb.
Yoxlama tədbirləri nəticəsində fəaliyyətində ciddi nöqsanlar aşkarlanmış 8 tibb müəssisəsi ilə bağlı zəruri məlumatlar toplanaraq hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub, həmçinin bir sıra tibb müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmaması ilə bağlı vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilib, aşağıda adları qeyd olunan 5 tibb müəssisəsində isə qida təhlükəsizliyi sahəsində ən az nöqsan aşkarlanıb və nəticələri qənaətbəxş qiymətləndirilib. Həmin tibb müəssisələrində aşkar olunmuş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
Yoxlamaların nəticələrinə əsasən fəaliyyəti qənaətbəxş qiymətləndirilən tibb müəssisələri:
1. Beyləqan Rayon Mərkəzi Xəstəxanası;
2. Tovuz Rayon Mərkəzi Xəstəxanası;
3. Ağdam Rayon Mərkəzi Xəstəxanası;
4. Şəki Rayon Mərkəzi Xəstəxanası;
5. Zaqatala Rayon Mərkəzi Xəstəxanası.
Tibb müəssisələrində aparılan yoxlamalar TƏBİB-in nümayəndələri və tibb müəssisələrinin baş həkimlərinin müşayiəti ilə həyata keçirilib, müfəttişlər tərəfindən yaxa kameraları vasitəsilə videoçəkilişlər aparılıb, aşkar olunan nöqsanlar yerində protokollaşdırılıb, zəruri müayinələrin aparılması üçün ərzaq xammallarından, qida məhsullarından nümunələr götürülüb və sınaqların aparılması məqsədilə müvafiq laboratoriyaya təqdim edilib.
Qeyd edək ki, Agentlik tərəfindən Bakı şəhəri üzrə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində isə iyunun 21-dən etibarən yoxlamalara başlanılıb.
Aparılan yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.