Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyada istilik 2 dəfə çoxalıb - VİDEO

Dünyada istilik 2 dəfə çoxalıb - VİDEO

Tarix: 29 Iyun 2021 12:30

İstilər buzlaqları əridir, okeanlarda suyun səviyyəsini artırır

Milli.Az Real TV-ə istinadən bildirir ki, Moskvada bir neçə gün əvvəl istilik rekordu qırıldı. Paytaxtda havanın hərarəti saat 12:00-a qədər +31,9 dərəcəyə qədər yüksəlib. Əvvəlki maksimum temperatur 1917-ci ildə qeydə alınıb ​​və +31,8 dərəcə olub.

Amerika Birləşmiş Ştatlarının qərbində istiliyin rekord səviyyəyə yüksəlməsi quraqlıq təhlükəsini dərinləşdirib. Təxminən 300 milyon hektarlıq əkin sahəsi quruyub. Quraqlığın səbəb olduğu su qıtlığından bilvasitə təsirlənən adam sayı 94 milyondan yuxarıdır.

Kanada son 84 ilin ən isti dövrünü yaşayır. Burada havanın hərarəti 46.6 dərəcəyə çatıb. Sonuncu belə anomal hava şəraiti 1937-ci ildə qeydə alınıb.

İstiləşmənin insan həyatına təsiri "iqlim qaçqınları"nın sayını artırır. Asiya qitəsinə baxaq, Banqladeşin xarici işlər naziri Abul Kalam Abdul Momen iqlim dəyişikliyi nəticəsində didərgin düşmüş banqladeşli "iqlim qaçqınları" nın sayının 10 milyonu keçdiyini bildirib. Hətta 2050-ci ilə qədər iqlim dəyişikliyi səbəbiylə dəniz səviyyəsindəki artımın Banqladeş sahillərinin 17 faizini sular altında qoya və bu vəziyyətin 20 milyondan çox insanı ev-eşiyindən edə biləcəyini söyləyib.

Azərbaycan işğaldan azad ərazilərində uzun illər Ermənistan tərəfindən meşələrin kütləvi qırılması, su tutumu 560 milyon m3 olan Sərsəng su anbarının suyunun qəsdən yay mövsümündə qarşısının kəsilməsi 100 min hektardan artıq əkin sahəsinin suvarılmasında ciddi problemlər yaradıb ki, bu da Aşağı Qarabağ bölgəsində torpaqların eroziyasına və səhralaşmaya səbəb olub. Bu məsələlər də bölgə üçün istiləşmə yarada bilir. Çünki bu yaşıllığın yox olmasıdır. İşğal zamanı ərazilərə nəzarət imkanının olmaması beynəlxalq konvensiyalar üzrə götürülən öhdəliklərin yerinə yetirilməsində çətinliklər yaradıb. Amma Qarabağın işğaldan azad edilməsi hazırda bu ərazilərin monitorinqinə və ekosistemin bərpasına başlamağa imkan yaradıb. Fauna və floranın yenidən qurulması işləri aparılır.

Problem necə izah olunur, həllə yolları necədir?

NASA ilə Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) birgə hesabatlarına əsasən son 15 il ərzində planetin atmosferi, okeanları və torpaqları tərəfindən yığılmış istilik miqdarı iki dəfə çoxalıb. Yer kürəsinin enerji disbalansı (udulan Günəş enerjisi ilə kosmosa yenidən əks olunan enerji arasındakı fərq) 2005-ci ildən 2019-cu ilə kimi iki dəfə daha güclü olub.

Bu isə o deməkdir ki, planetdə temperatur artmağa davam edəcək, buzlaqların əriməsi daha da sürətlənəcək və dəniz səviyysi daha tez yüksələcək. Bütün bu faktorlar isə hava stabilliyinə və məhsul təsərrüfatına təsir edəcəklər.
Peyklərdən əldə olunmuş məlumatlardan istifadə edərək alimlər aşkar ediblər ki, Yer kürəsi lazım olandan daha çox enerji əldə edir və bu da öz növbəsində planetin qızmasına səbəb olur. Bu disbalansdan olan enerjinin 90%-i okeanın payına düşür. Okean temperaturunun yüksəlməsi isə oksidləşməyə gətirib çıxardır və balıqlar ilə digər okean faunasına ciddi təsir göstərir. Disbalansın yerdə qalan 10% enerjisi isə atmosferdə yerləşir.

Qlobal temperaturun yüksəlməsi ilə atmosferdə su buxarının miqdarı da yüksəlir. Bu isə planetdəki temperaturun daha da yüksəlməsinə səbəb olur. Qarlı örtüklər ilə dəniz buzlaqları Günəş şüalarını təkrar olaraq kosmosa əks etdirən təbii faktorlardır. Lakin qlobal istiləşmə səbəbilə bu faktorların sayları da getdikcə azalır. Qlobal istiləşmənin daha bir səbəblərindən biri də odur ki, Sakit okean 2014-cü ildən 2020-ci ilin sonuna kimi istilik fazasında qalıb. Ani olaraq soyuq fazadan uzunmüddətli isti fazaya keçid səbəbilə okean üzərindəki buludların sayı azalıb. Bu isə öz növbəsində okeanın daha çox Günəş şüası udmasına səbəb olub.

Ümumuilikdə dünyada isə bərpa olunan enerjinin payını artırmaq üçün qlobal təmiz enerji investisiyaları yaxın 30 ildə 12 trilyon dollara çatmalıdır. Çünki, təmiz enerji transformasiyası iqlim dəyişikliyinə qarşı mübarizədə hərəkətverici qüvvə olaraq qalır.

Məlumata görə, iqlim dəyişikliyi və qlobal istiləşmə ilə mübarizədə qazıntılarla enerji qaynaqlarının istifadəsini azaltmaq lazımdır.

Enerji çevrilmə sektorunda istifadə olunan avadanlıqların istehsalı, tədarükü, daşınması və satışı strateji əhəmiyyətə malik olsa da, xüsusilə pandemiya zamanı texnoloji avadanlıqların istehsalı və nəqlində böyük problemlər yaranıb. Belə ki, ötən il bəzi investisiya və istehsal hədəfləri təxirə salınıb. Xammaldan asılı olaraq qiymətlər artıb və əvvəllər stokda olan malların çatdırılması gecikib. Bu kimi problemlər isə enerji çevrilişində problemlər yaradıb. Lakin istiləşmə ilə bağlı olaraq elektrik avtomobillərinə təşviq, bərpa olunan enerji mənbələrindən istifadə, yaşıllıqların artırılması və s. istiləşmə ilə bağlı vəzittəti müsbətə doğru dəyişə bilər.

Mövzunu davam etdirəcəyik.

Milli.Az


Etiketlər:  Dünyada istilik 2 dəfə çoxalıb VİDEO


RƏYLƏR