Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2021 10:04
İyunun 29-u saat 14 radələrində Lənkəran şəhər mənzil-istismar sahəsində süpürgəçi işləyən, Lənkəran rayon sakini Kitabə Quliyevanın elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Lənkəran rayon prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilmişdir ki, Kitabə Quliyeva rayonun K.Kazımov küçəsindəki binanın həyətində yerləşən Cənub Regional Enerji Təchizatı və Satışı idarəsinin Lənkəran Elektrik şəbəkəsinin balansında olan qapalı paylayıcı-çevirici məntəqənin giriş qapısını açaraq içəri daxil olmuş, orada paltarını dəyişən zaman elektrik cərəyanının onu vurması nəticəsində hadisə yerində ölmüşdür.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.