Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2021 02:02
Bu gün Vətən müharibəsi şəhidi Elçin Tağıyevin doğum günüdür.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin 32-ci doğum günü onsuz, göz açdığı Biləsuvar rayonunun Zəhmətabad kəndində ailə üzvləri və yaxınlarının iştirakı ilə qeyd olunub.
Elçin Ağaqulu oğlu Tağıyev Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. 2012-ci ilin avqustundan leytenant kimi Qusar rayonundakı "N" saylı hərbi hissədə şərəflə vətəninə xidmətə başlayıb, E. Tağıyev sonradan kapitan rütbəsinə qədər yüksəlib.
İkinci Qarabağ müharibəsi başlayan ilk gündən qəhrəmanımızın rəhbərlik etdiyi həmlə taboru düşmənə sarsıdıcı zərbələr vurub, düşmən istehkamlarını darmadağın edib. Sentyabrın 29-da Murovdağda "Ömər" postu uğrunda döyüşdə mühasirəyə düşən hərbçimiz taborunu mühasirədən məharətlə çıxarmağı bacarıb. Mühasirənin yarılması üçün 6 saat davam edən döyüş itkisiz başa çatıb.
Kapitan Elçin Tağıyevin taboru Murovdağ istiqamətində yerləşən üç yüksəkliyin düşməndən təmizlənməsi tapşırığını canı bahasına yerinə yetirib. Bu qəhrəman hərbçimizin Vətən müharibəsində son döyüşü olub. Həmin döyüşdə yaralı halda döyüşü davam etdirib, düşmənin xeyli canlı qüvvə və texnikasını məhv edib, yaralı əsgər və şəhidlərin meydandan çıxarılmasına kömək edib. Yenilməz komandir E.Tağıyev son anda şəhidlik məqamına ucalıb.
Elçin Tağıyevin nəşi düşmən məğlubiyyətə düçar olduqdan sonra şəhid olduğu yüksəklikdən götürülüb və doğulduğu Biləsuvarın Zəhmətabad kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid kapitanımızın bizə 3 övladı - Dəryanur, Tağı və üzünü görmədiyi Məhəmməd əmanət qalıb...
"Qarabağ" ordenli şəhidimizin ötən il doğum gününü ailəsi ilə birlikdə qeyd etdiyi videonu təqdim edirik: