Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2021 12:18
Gürcüstanda koronavirusa qarşı kütləvi vaksinasiyanın 5 iyul tarixindən başlayacağı açıqlanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib. O, keçirdiyi mətbuat konfransında bildirib ki, əhalinin 60 faizinə peyvənd vurulması planlaşdırılır. Bu məqsədlə 4 milyon doza peyvənd sifariş verildiyi qeyd olunub.
Qaribaşvili ölkəyə ümumilikdə 1 milyon doza Çin istehsalı olan "Sinovac" və "Sinopharm" peyvəndlərinin çatdırıldığını və kütləvi prosesə hazır olduqlarını vurğulayıb.
Digər tərəfdən, Baş nazir "BioNTech/Pfizer" peyvəndinin iyul ayında Gürcüstana gətirilməyə başlayacağını açıqlayıb.
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze iyul ayında "BioNTech/Pfizer" alındıqdan sonra ölkənin hər yerində 16 yaşdan yuxarı insanlara peyvənd vurulmasının mümkün olacağını bildirib.
Qeyd edək ki, Gürcüstanda bu günə qədər 266 min 161 nəfər peyvənd olunub.
Son 24 saat ərzində 964 nəfərin yoluxduğu ölkədə bu günə qədər ümumilikdə 368 min 22 nəfərdə virus aşkarlanıb və 5 min 335 nəfər vəfat edib.