Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2021 13:16
Azəriqaz İB: Kənd tezliklə təbii qazla təmin ediləcək
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Qubada təbii qazın yoxluğundan əziyyət çəkən yaşayış məntəqələrindən biri də Yuxarı Digah kəndidir. Min nəfərə yaxın sakini olan kənddə heç vaxt mavi yanacaq olmayıb.
Yerli sakinlər bildirir ki, kəndə qaz çəkilməməsinə səbəb kimi layihələndirmə işlərinin aparılmaması göstərilib. Amma onlara söz verilib ki, yaxın zamanda Yuxarı Digah kəndi də mavi yanacaqla təmin ediləcək. Lakin 2 il öncə verilən söz elə sözdə qalıb. Hazırda sakinlər yanacaq kimi odundan istifadə edirlər. Bu isə hər il ekologiyaya ciddi ziyan dəyməsinə səbəb olur.
Sakinlərin sözlərinə görə, odun əldə etmək də bir ayrı dərddi. Yaxınlıqdakı meşə sahəsi qoruq olduğu üçün odunu uzaq məsafədən gətirmək məcburiyyətində qalırlar. Bu isə onlara maddi baxımdan baha başa gəlir.
Sakinlərin qaz problemi ilə bağlı Quba rayon İcra Hakimiyyətinə məlumat verdikdən sonra əraziyə icra başçısının birinci müavini Tariyel İbrahimov və Xaçmaz Regional Qaz İstismar İdarəsinin əməkdaşları gəldilər. Sakinləri dinləyən Tariyel İbrahimov bildirdi ki, rayon icra başçısı tərəfindən kəndin qazla təmin edilməsi üçün bütün qurumlara müaciət edilib. Lakin rəsmi şəxslərin cavabı sakinləri qane etmədi.
Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyindən isə bildirildi ki, yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində mərhələli şəkildə həyata keçirilir. Yuxarı Digah kəndi artıq qazla təmin ediləcək məntəqələrin siyahındadır.
İnanırıq ki, bu dəfə verilən söz əvvəlkilərdən fəqli olaraq əməldə təsdiqini tapacaq. Bununla da həm sakinlərin rəsmilərə olan inamı bərpa olunacaq, həm də mənzilləri təbii qazın istisinə qızınacaq.