Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2021 17:14
Oxçuçaya qarşı törədilən ekoloji terrora etiraz əlaməti olaraq Amerika Azərbaycanlılarının Koordinasiya Şurası (ACCA) və Ukrayna Azərbaycanlıları Radası (UAR) nüfuzlu "Greenpeace" beynəlxalq təşkilatına müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, bəyanatlarda Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən zəhərli tullantılarla çirkləndirildiyinə diqqət cəlb edilib. Bu səbəbdən ekosistemə və bioresurslara ciddi ziyan vurulduğu, Oxçuçayın töküldüyü Araz çayının Azərbaycanda əkin sahələrinin suvarılması üçün su ehtiyatlarında həlledici rol oynadığı və Ermənistanın dövlət agentliklərinin də sözügedən ekoloji cinayəti etiraf etdikləri nəzərə çatdırılıb. Qeyd edilib ki, bütün bunlar həm də insan sağlamlığına böyük təhlükə yaradır, amma Ermənistan 1992-ci ildə imzalanmış Helsinki konvensiyasına qoşulmur və öhdəliklərindən yayınır.
ACCA və UAR ətraf mühitin qorunmasında böyük rol oynayan "Greepeace" təşkilatını baş verənlərə göz yummamağa, Oxçuçaydakı dəhşətli fəlakətin qarşısının alınması məqsədilə dərhal hərəkətə keçməyə çağırış edib.
Bəyanatları Azərbaycan-Amerika İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov, Azərbaycan-Nyu York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov, Amerika- Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova, Nyu York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil, Yuta-Azərbaycan İcması nümayəndəsi Əsmər Qarayeva, Florida-Azərbaycan Cəmiyyətininn rəhbəri Esmira Bayramova, Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal, Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri Nərgiz Əliyarlı, Şimali Amerika Gənclər təşkilatının rəhbəri Aytac Qasımova və UAR baş katibi Cəlal Hüseynov imzalayıblar.