Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2021 17:08
Günümüzün reallığı onu göstərir ki, hələ də bəzi valideynlər qız və oğlan övladı arasında ayrı-seçkilik yaradır, oğlanı arxa-dayaq, qızı yük hesab edirlər.
İki gün öncə Sumqayıtda zibil qutusundan sellofan torbaya büşülmüş körpə qız uşağının tapılması mövzunu yenidən aktuallaşdırıb. Doğrudur, yəqin ki, atılan körpə nikahdankənar doğulub... Amma kim bilir, bəlkə də həmin körpə oğlan doğulsaydı, zibil qutusuna atılmayacaqdı...
Rəsmi statistika da göstərir ki, son illər yenidoğulanlar arasında oğlan uşaqları qız uşaqlarını sürətlə üstələyir. Məsələn, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk iki ayı ərzində 20984 doğulmuş körpə qeydə alınlb. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Ötən il rəqəmlər belə deyildi - yenidoğulanlar arasında oğlanlarla qızlar arasında fərq bundan xeyli kiçik idi.
Sonxeber.net xəbər verir ki, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova qız uşaqlarına olan münasibətlə bağlı modern.az-a danışıb. O, oğlan-qız ayrı-seçkiliyi edən valideynləri qınayaraq, bunun yolverilməz olduğunu vurğulayıb.
"Dədə-babadan deyirlər ki, "Aslanın erkəyi, dişisi olmaz". Yəni övlad, övladdır. Qız və ya oğlan övladı olsun - fərq etməməlidir, əgər düzgün tərbiyə olunur, təhsil alırlarsa, onlar valideynləri və cəmiyyət üçün yararlı hesab olunurlar".
Müsahibimiz deyir ki, Sumqayıtda zibil qutusundan tapılan körpə çox güman ki, arzuolunmaz uşaq olub:
"Çünki arzuolunan uşağı heç vaxt o vəziyyətdə atmazlar. Mən bu cür hallarda ananı qınayıram. Əgər sən əvvəldən hamilə qalmaq istəmirdinsə, düzgün üsullardan istifadə edərək, qoruna bilərdin".