Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2021 14:26
Əfqanıstanın hökumət qüvvələri "Taliban" hərəkatı döyüşçülərinin Kalayi-Nau şəhəri üzərinə genişmiqyaslı hücumunu dəf edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Kalayi-Nau şəhəri Baqdis əyalətinin inzibati mərkəzidir və Türkmənistanla sərhəddə yerləşir. Əyalətin qubernatoru Hesamuddin Şəmsin sözlərinə görə, "Taliban" dünən gecədən başlayaraq bir neçə istiqamətdə şəhərə hücuma keçib.
"Təhlükəsizlik qüvvələri və silahlı qruplaşmalar arasında qarşıdurma bu gün səhərə qədər davam edib. 50-dən çox döyüşçü məhv edilib və yaralanıb", - deyə o bildirib.
Qeyd edək ki, Kalayi-Nau şəhəri iyulun 6-da "Taliban"ın nəzarəti altına keçsə də, hökumət qüvvələri əyalətin mərkəzinə nəzarəti bərpa edə bilib.
Bununla belə, ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, Qəndahar şəhəri uğrunda gedən döyüşlər zamanı 70 terrorist öldürülüb, digər 8-i isə yaralanıb. Ümumilikdə, son 24 saat ərzində ölkədə 191 terrorist məhv edilib, 102-si yaralanıb, 23-ü isə həbs olunub.