Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2021 21:36
Çinin cənub-qərbindəki Quycou vilayətində bir neçə gündür aramsız yağan şiddətli yağışların törətdiyi sel və daşqınlar 954 min sakinin həyatına mənfi təsir göstərib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, güclü yağışlar 83 rayonda sel və daşqın törədib. Vilayət üzrə yağıntının ümumi miqdarı 615 millimetr olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çoxdur. Sel və daşqınlara görə 26 min sakin təxliyə edilib, 68 min hektar əkin sahəsini su basıb, 19 min 300 evə ziyan dəyib. Mövsüm yağışlarının vilayətə vurduğu maddi ziyanın dəyəri 1,23 milyard yuan (təxminən 190 milyon ABŞ dolları) qiymətləndirilir.
Qeyd edək ki, iyun ayından Çində müşahidə olunan mövsüm yağışları bir neçə vilayətdə fəsadlar törədib, insan tələfatına, infrastrukturun dağılmasına səbəb olub. Müxtəlif bölgələrdə sel və daşqın, torpaq sürüşmələri qeydə alınıb. Çaylarda suyun səviyyəsi təhlükəli həddə çatıb və ya həddi keçib. Çinin meteorologiya qurumu ölkə üzrə 3-cü səviyyədə xəbərdarlıq elan edib. Ölkənin ən iri çaylarından olan Yantzıda suyun səviyyəsinin qalxması daşqın ehtimalını yüksəldib.