Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2021 21:21
Revmatik xəstəliklər təbabətin ən yeni sahəsi hesab olunur. Birləşik toxuma qarışıq xəstəlikləri, sistem qırmızı qurd eşənəyi, artiozlaşdırıcı spondilit, biosratik artropatiya, reaktiv artritlər və bu kimi çoxsaylı revmatik xəstəliklər günümüzdə həllini tapmayan xəstəliklər sırasındadır. Revmatik xəstəliklər zamanı əksər orqan və toxumalar, o cümlədən oynaqlar, dəri, sinir, böyrəklər, ağciyər, ürək, bağırsaq, baş-beyin zədələnir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Revmotologiya və qastroenterologiya şöbəsinin müdiri, professor Sahib Musayev deyib.
S.Musayev təkcə payız-qış aylarında deyil, eyni zamanda, yay mövsümündə də əhali arasında bir sıra revmatik xəstəliklərin baş qaldırdığını, onlardan revmatoid artrit, sistem qırmızı qurd eşənəyi, sklerodermiya, dermotomiozit və podaqranın üstünlük təşkil etdiyini bildirib: "Sistem qırmızı qurd eşənəyi xəstəliyi ən çox iqlim dəyişiklikləri zamanı üzə çıxır. Həmin xəstəlik yay aylarında fotosensiblizasiya, yəni həddindən artıq Günəş şüalanması olan regionlarda çox yayılır. Qırmızı qurd eşənəyi ən çox yeniyetmə qızlarda, gənc analarda müşahidə olunur".
Şöbə müdiri regionda daha çox yayılan revmatik xəstəliklərdən birinin podaqra olduğunu vurğulayıb. Onun sözlərinə görə, həmin xəstəlik zamanı oynaq daxilində natrium-urat kristallarının toplanması nəticəsində həmin nahiyədə kəskin iltihabi proses başlayır və müəyyən vaxtdan sonra oynaqlar zədələnir.
Professor podaqranın səbəb olduğu bəzi fəsadlara toxunaraq, onun xroniki böyrək xəstəliklərinə, hipertoniyaya, 2-ci tip şəkərli diabetə, piylənməyə gətirib çıxardığını da qeyd edib: "Podaqraya tərkibi purillə zəngin qidaları normadan artıq qəbul edən şəxslərdə çox rast gəlinir. Xəstəlik qəfil başlayır. Ayağın baş barmağı qızarır. Həmin nahiyədə ciddi hərəkət məhdudluğu əmələ gəlir".
Mütəxəssisin sözlərinə görə, əgər revmatik xəstələr COVID-19-a yoluxarlarsa, onlarda ağırlaşma halları müşahidə olunur. Həmin şəxslərdə patoloji proseslər daha ağır gedir, onlar arasında ölüm faizi daha çox qeydə alınır. COVID-ə yoluxmuş skelbermiyalı xəstələrdə ağciyərlər ciddi zədələnməyə məruz qaldığından xəstəliyin taktikası protokola tam uyğun aparılmalıdır.
"Bəzən revmatik xəstəliklərdən əziyyət çəkənlərin Bakı ətrafında yerləşən və çoxlarımızın yanlış olaraq müalicə məkanı kimi qəbul etdiyimiz "duzlu göl"lərə üz tutduğunun şahidi oluruq. Həmin insanlar duzun tərkibində olan kanserogen maddə ilə özlərini zəhərlədiklərinin fərqində deyillər. "Duzlu göl"dən istifadə edən revmatoidli xəstələrdə dərinin aşınması qeydə alınır. Hətta bəzilərində dəri xərçəngi yaranır.
İsti yay aylarına əksər vətəndaşlar sərinləmək üçün Xəzər dənizinə üz tuturlar. Bu zaman revmatik artritli xəstələrin əvvəlcə mütləq həkim konsultasiyasından keçməsi tövsiyə olunur. Bu, həmin xəstələri sabah ağır nəticələrlə üzləşməkdən qoruya bilər", - deyə S.Musayev qeyd edib.