Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2021 18:00
2021-ci il avqustun 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə "Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya"nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilmişdir.
Nazirlər Kabinetindən Sonxeber.net-a verilən məlumata görə, iclasda "Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya"nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyul tarixli 2796 nömrəli Sərəncamı ilə yeni tərkibdə təsdiq edilmiş Komissiyanın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının müvafiq Konvensiyanın müddəalarının yerinə yetirilməsinə dair gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Komissiyanın iclasında prioritet istiqamətlər üzrə təkliflərin hazırlanması ilə əlaqədar tapşırıqlar verilmiş, həmçinin Ermənistan tərəfindən işğal edilmiş və hazırda işğaldan azad edilən ərazilərdə dağıdılmış mədəni abidələrin vəziyyəti ilə bağlı beynəlxalq təşkilatların məlumatlandırılması istiqamətində aparılan işlərin zəruriliyini Komissiya üzvlərinin diqqətinə çatdırılmışdır.
İclasda irəli sürülmüş təkliflərə dair Komissiya üzvləri tərəfindən müzakirələr aparılmış və iclasın yekunu olaraq Komissiyanın fəaliyyətinin təmin edilməsi məqsədilə aidiyyəti qurumların nümayəndələrindən və sahə üzrə ekspertlərdən ibarət İşçi Qrupun yaradılması, həmçinin müvafiq Tədbirlər Planının hazırlanması istiqamətində tədbirlər görülməsi qərara alınmışdır.