Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2021 15:04
Qardaş Türkiyə artıq 10-cu gündür ki, tarixinin ən iri miqyaslı meşə yanğınları ilə mübarizə aparır. Fəlakət ölkənin geniş bir ərazisini əhatə etməklə, böyük miqdarda ziyan vurdu. Bu ağır günlərdə qardaş ölkənin səsinə səs verən ilk ölkə məhz Azərbaycan oldu. Ən yüksək səviyyədən tutmuş adi vətəndaşa kimi bu günlərdə hər birimizin gözq Türkiyədə oldu, ürəyimiz onunla döyündü. İlk gündən qardaş ölkənin yanında duran, onun fəlakətinə səs verən Azərbaycan yanğınlarla mübarizə üçün yardım əlini uzatdı. Sosial mediada isə müxtəlif həştəqlərlə kampaniyalar başlandı, hətta dəstək kampaniyaları da təşkil edildi. Bir sözlə, Türkiyədəki meşələrlə bərabər bizim də içimiz yandı! Mərhələli şəkildə bir neçə yüz yanğınsöndürən, xüsusi təyyarə və texnikaları Türkiyəyə göndərən Azərbaycan hazırda əsl qardaşlıq nümayiş etdirir. Fövqəladə Hallar Nazirliyinin xüsusi qrupları hələ də yanğın bölgələrində sözün həqiqi mənasında qəhrəmanlıq və əzmkarlıq göstərirlər.
"Bir millət, iki dövlət" ideyası sözdə deyil, əməldə də sübut olunub və olunacaq da. Əslində belə də olmalı idi. Çünki biz yardıma qaçarkən sıradan bir ölkəyə dəstək olmuruq, özümüzə doğma bildiyimiz, bir millət saydığımız Türkiyə üçün fədakarlıqlar edirik. Daha doğrusu hazırda meşələrdə həyatını riskə atan yanğınsöndürənlərimiz tarix yazaraq fədakarlıqlar edirlər.
Azərbaycan bu gün də yanğınlarla mücadilə edən türkiyəli qardaşlarının sonadək yanında olacağını nümayiş etdirdi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti - 3-cü qrupu səhər saatlarında Türkiyə yola düşüb. Ümumilikdə isə qardaş ölkədəki yanğın bölgələrinə 500 nəfərə yaxın şəxsi heyət göndərilib. 100 yanğınsöndürən maşın, helicopter və "BE-200ÇS" tipli amfibiya təyyarəsi hazırda Türkiyədə fəaliyyət göstərir.
Bir sözlə, Azərbaycan-Türkiyə birliyi bu təbii fəlakətlə mübarizədə bir daha özünü doğrultdu, Azərbaycan sıradan bir qonşu, ölkə kimi davranmadı, "bir millət iki dövlət" milli konsepsiyasının reallıqlara əsaslandığını sübut etdi.
Kamran Seyidov