Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Elə bir vəziyyətdir ki, qardaş bacını görə bilmir”

“Elə bir vəziyyətdir ki, qardaş bacını görə bilmir”

Tarix: 6 Avqust 2021 18:50

Müğənni Sevda Əliqızının bir neçə gün öncə "Elgizlə izlə" verilişində mərhum Xalq artisti Səməd Səmədovun dəfni barədə danışdıqları geniş müzakirələrə səbəb oldu.

Onun sözlərinə görə, müğənnini son mənzilə yola salanlar arasında çox az sənət adamı yer alıb.

Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan müğənni Əlikram Bayramov mərhumun sənət dostlarının tüğyan edən xəstəlikdən qorxduqları üçün dəfndə iştirak etmədiyini deyib:

"Son vaxtlar bir çox sənət adamı dünyasını dəyişdi. Bacardığımız qədər yas mərasimlərində iştirak edirik. Baloğlan Əşrəfovun dəfnində iştirak etmişdim. Xüsusi olaraq Bakıdan rayona getmişdim. Nəşi bir yerdə aparmışıq. Amma pandemiyadır, insanlar qorxur".

Sənətçi Səməd Səmədovun dəfnində iştirak etməməsinin səbəbini açıqlayıb:

"Səməd Səmədov vəfat edəndə mən ölkədə yox idim. İşlə bağlı Rusiyaya getmişdim. Səməd müəllimin hüzr mərasiminə gedə bilməmişəm, düzdür. Bir neçə gündür Bakıya gəlmişəm. Cümə günlərinin birində mütləq gedib ailəsinə başsağlığı verəcəyəm. Son zamanlar ölüm o qədər adiləşib ki... Xəstəliklə bağlı insanlarda qorxu var, onlar çəkinirlər. Yəqin ki, buna görə yaslara getmirlər, başqa nə ola bilər ki? Burada qeyri-adi heç nə yoxdur. Elə adam var ki, səhhətinə görə narahat olur, düşünür ki, gedərəm, kimsə xəstə olar, məni də yoluxdurar. Sənət aləmində elə gözəl dostluqlar var ki... Hamı bir-birinin xeyrinə, şərinə mütləq şərik olur. Mən 2015-ci ildə oğluma toy elədim, elə bir sənət adamı yox idi ki, orada iştirak eləməsin. Deməyim odur ki, heç kəs qəsdən dəfndən kənarda qalmayıb. And olsun Allaha, bu saat elə vəziyyətdir ki, heç qardaş bacını görə bilmir. Bunlar xəstəliklə əlaqədardır. Camaat yaxınının toyuna Rusiyadan gələ bilmir. Səməd müəllim kimi gözəl insan musiqi aləmində nadir olar. Qəlbi təmiz qardaşımız idi. Sadəcə bu həyatdır, insanlar qorxur, onlar yaşamaq istəyirlər, təhlükədən uzaq olmaq istəyir. Adam toya getməyə belə qorxur ki, yoluxar. Bilirsiniz ki, bu xəstəlik adamına baxmır, istər məşhur olsun, istər sadə vətəndaş".

Ə.Bayramov qeyd edib ki, digər sənət dostlarının hamısının dəfnində iştirak edib:

"Ölüm haqqdır, sabah mən yıxılıb ölsəm, mənim ailəm deyə bilməz ki, filankəs niyə gəlmədi? Belə şey olar? Səməd heç kimə pislik edən adam olmayıb. Mən də cümələrin birində heç nəyə baxmayaraq gedəcəm. Səməddən başqa bütün sənət dostlarımın dəfnində iştirak etmişəm. Ustad sənətkar heç kəsdən qəlbi qırıq bu dünyadan köçməyib, hamı onu çox istəyirdi. Bir nəfərə belə pisliyi dəyməyib, Allah hamıya can sağlığı versin, təki toylar olsun".


Etiketlər:  Elə vəziyyətdir qardaş bacını görə bilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ