Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2021 22:50
"Kassa əməliyyatlarının aparılması haqqında" Qaydalara əsasən, pul vəsaitlərinin hərəkəti bu Qaydaya uyğun olaraq uçot sənədləri (kassa kitabı, kassa mədaxil və məxaric orderləri, qəbzlər, çeklər, bank ödəniş sənədi, elektron qaimə-faktura, alış aktları, elektron alış aktları, təhvil-qəbul aktları və digər təsdiqedici sənədlər) ilə rəsmiləşdirilmədikdə və ya həmin sənədlər mövcud olmadıqda, bu hallar pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması kimi qiymətləndirilir.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla sərbəst auditor Altay Cəfərovun bu mövzuya dair şərhini təqdim edir.
A.Cəfərov bildirib ki, Vergi Məcəlləsinə görə, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergiödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına - pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə isə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Auditor qeyd edib ki, təcrübi fəaliyyətdə Vergi Məcəlləsinin və Qaydaların bu müddəalarını əlaqənləndirmək lazım gəlir. Məcəllədə "uçotdan yayındırılma" dedikdə pul vəsailtərinin uçotdan gizlədilməsi və uçota alınmaması nəzərdə tutulur.
Onun sözlərinə görə, burada əsas olan vəsaitin kassadan silinməsidir. Bundan əlavə, qaydalarda "uçot sənədləri" adı altında böyük siyahı təqdim olunub və sonda "digər təsdiqedici sənədlər" ifadəsi qeyd edilib. Belə bir məntiqi nəticə çıxarmaq olar ki, "uçot sənədlərinin olmaması" siyahıdakı bütün sənədlərin və digər təsdiqedici sənədlərin olmaması deməkdir. Təkcə kassa kitabının olmaması uçotun pozulması və ya uçot sənədlərinin olmaması demək deyil.
A.Cəfərov vurğulayıb ki, bunlara baxmayaraq, vergiödəyiciləri bütün kassa əməliyyatlarına aid kassa sənədlərini qaydalara uyğun rəsmiləşdirməli, kassa kitabını da tərtib etməlidirlər ki, sonradan problemlərlə rastlaşmasınlar.