Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2021 21:40
Londonun "West Ham United" futbol klubunun səhmlərini 400 milyon funt sterlinqə (təxminən 560 milyon dollar) almaq istəyən azərbaycanlı iş adamı, "Beynəlxalq Bank işi" üzrə istintaqa cəlb olunmuş "kredit oliqarxı" Nizami Piriyevin oğlu Nəsib Piriyevdə həqiqətən bu qədər vəsaitin olması şübhə doğurur.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, "West Ham United" klubunun rəhbəri və majoritar səhmdarı Devid Sallivan Piriyevin təklifini "gülməli" adlandırıb və rədd edib. Bildirib ki, Nəsib Piriyevin Londondakı "PAI Capital" şirkəti heç vaxt klubu almaq üçün təklif edilən məbləğə malik olduğu haqda sübut təqdim etməyib.
Devid Sallivan və Nəsib Piriyev
Lakin "PAI Capital" şirkəti klubu almaq üçün təklif edilən məbləğə malik olduğunu israrla bildirir. "PAI və bizim hüquq məsləhətçimiz "West Ham United" klubunun sahiblərinə səhmlərin alınması üçün təklif edilən vəsaitə malik olduğuna dair sübutları təqdim edib və kommersiya razılaşmasının əldə ediləcəyi təqdirdə həmin vəsait dərhal klubun indiki sahiblərinə ödəniləcək",-Nəsib Piriyevin Londondakı investisiya şirkətinin yeni açıqlamasında deyilir.
"West Ham United" klubunun səhmləri hazırda fərdi investorlar Devid Sallivana və Devid Qolda məxsusdur. "PAI Capital" şirkəti isə Böyük Britaniyanın "Queens Park Rangers" futbol klubunun keçmiş rəhbəri Filip Birda ilə tərəfdaşdır. Filip Birda bildirir ki, klubun səhmləri üçün 400 milyon funt sterlinq təklifi həqiqətən sərfəlidir. Devid Sallivan da klubun səhmləri üçün əvvəldən həmin məbləği istəyib.
Lakin nəşr qeyd edir ki, Sallivan və onun çoxdankı işgüzar tərəfdaşı Devid Qod, habelə klubun kiçik səhmdarları olan amerikalı investor Albert Smit "PAI Capital" şirkətində əslində klubu almaq üçün pul olduğuna əmin deyillər.
Xüsusən də klubun sahibləri nəzərə alırlar ki, Nəsib Piriyevin və onun atasının adı Azərbaycanda böyük korrupsiya ilə bağlı hüquqi mübahisələrdə hallanır.
Nizami Piriyev Azərbaycan Beynəlxalq Bankından Qaradağda metanol zavodu tikmək üçün aldığı və faizləri ilə birlikdə 830 milyon dolları keçən krediti mənimsəməkdə ittiham olunaraq 2015-ci ildə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılmışdı. Onun barəsində məhkəmə 3 aylıq həbs qətimkan tədbiri seçmişdi.
Piriyev daha sonra SOCAR-la anlaşdı və onun "AzMeCo" şirkəti metanol zavodunu dövlət neft şirkətinə verdi, əvəzində kredit borclarının qaytarılacağına dair SOCAR-dan təminat aldı və həbsdən çıxdı. Piriyevin metanol zavodu fəaliyyətə başladıqdan qısa zaman sonra, xammal qismində təbii qazın təchizatının dayandırılmasına görə işini dayandırmışdı.
N.Piriyev həbs olunandan sonra onun oğlu Nəsib Piriyev Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmişdi. Piriyevin barəsindəki axtarış qərarının daha sonra ləğv edilib-edilmədiyi məlum deyil. Hazırda onun adı İnterpol-un axtarışda olan şəxslər siyahısında yoxdur.
Devid Sallivan və onun ortağı Devid Qold azərbaycanlı "kredit oliqarxı"nın oğlunun 560 milyon dollarının olduğuna əmin deyil...
Qeyd edək ki, "PAI Capital" şirkəti bundan əvvəl yaydığı açıqlamasında Nəsib Piriyevin "West Ham United" klubunu almaq istəyini biznesmenin lap uşaqlıqdan həmin klubun və İngiltərə yığmasının çılğın azarkeşi olması ilə əsaslandırmışdı. Lakin nədənsə ingilis futbolunun çılğın azarkeşi 2019-cu ildə Fransada "Marcel" futbol klubunu almaq istəyirdi və bu sövdələşmə baş tutmamışdı.