Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Taxtakörpü su anbarının potensialı - VİDEO

Taxtakörpü su anbarının potensialı - VİDEO

Tarix: 9 Avqust 2021 13:40

Anbarda istifadəyə verildikdən sonra 1 mlrd 190 mln kubmetr su toplanıb

Milli.Az Real TV-ə istinadən bildirir ki, Taxtakörpü su anbarı ölkəmizdə mövcud olan ən mühüm hidrotexniki qurğulardandır. Ölkə başçsının sərəncamı və Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sifarişi ilə ilə 2007-ci ildə tikintisinə başlanılan anbar çox böyük strateji əhəməmiyyətə malikdir. Belə ki, son illər yay mövsümündə Samur çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq Taxtakörpü su anbarına yığılan su hesabına Bakı, Sumqayıt şəhərlərinin, Abşeron yarımadası və ölkənin şimal zonasının kənd təsərrüfatı sahələrinin su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olub. Bunu Prezident İlham Əliyev də çıxışı zamanı xüsusi qeyd edib. Ölkə başçısı bildirib ki, əgər vaxtında Taxtakörpü su anbarları inşa edilməsəydi, bu gün meliorasiya sahəsində bizim böyük problemlərimiz ola bilərdi. Su anbarı istifadəyə verildikdən sonra burada 1 milyard 190 milyon kubmetr su toplanıb ki, bunun da 1 milyard 86 milyon kubmetri istifadə edilib. İstifadə olunan suyun 877 milyon kubmetri Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin içməli su təchizatına sərf olunub. Respublikamızda içməli su probleminin aradan qaldırılması istiqamətində xüsusi əhəmiyyəti ilə fərqlənən "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi çərçivəsində inşa edilən Taxtakörpü Su Anbarının Su Elektrik Stansiyası ilə birgə Taxtakörpü-Ceyranbatan, Vəlvələçay-Taxtakörpü kanallarının tikintisi layihələrinin reallaşdırılması ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malikdir.

Bu hidrotexniki qurğu Azərbaycanda reallaşdırılmış layihələrdən müasirliyi və mükəmməlliyi ilə fərqlənir. Bəndin uzunluğu 1180, hündürlüyü 142,5 metrdir. Sahəsi 8,7 kvadratkilometrə çatan gölün ümumi su tutumu 268,4 milyon kubmetr, faydalı həcmi isə 218,9 milyon kubmetrdir. Su anbarından Taxtakörpü-Ceyranbatan kanalına saniyədə 40 kubmetr su axıdılır, burada quraşdırılan üç turbin vasitəsilə 25 meqaVt elektrik enerjisi istehsal edilir. Ümumilikdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsi nəticəsində Sumqayıt şəhəri, Abşeron yarımadası, xüsusən də Bakıətrafı kənd və qəsəbələrə saniyədə 18 kubmetr suyun verilməsinə imkan yaranıb. Beləliklə, əhalinin içməli suya, eləcə də suvarma və texniki suya olan tələbatı tam yaxşılaşıb. Suyun öz axını ilə Ceyranbatan su anbarına verilməsi nəticəsində 167 milyon kilovat-saat elektrik enerjisinə və 15 milyon manata qədər maddi vəsaitə qənaət edilir.

2013-cü ildə istifadəyə verilən su anbarının sayəsində Sumqayıtın, Bakı və Bakıətrafı qəsəbələrin suya olan ehtiyacı daha yaxşı ödənilib, regionun fasiləsiz elektrik enerjisi ilə təminatına əsaslı zəmin yaranıb, başqa sözlə desək, Taxtakörpü su anbarı bu yerlərə yeni həyat gətirib.

Milli.Az


Etiketlər:  Taxtakörpü su anbarının potensialı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ