Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstanın qazma qurğusu Xəzərin Azərbaycan sektorunda işlərə başlayır

Qazaxıstanın qazma qurğusu Xəzərin Azərbaycan sektorunda işlərə başlayır

Tarix: 10 Avqust 2021 12:52

Qazaxıstanın ilk özüqalxan üzən qazma qurğusu "Satti" Xəzər dənizinə göndərilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, qazma qurğusu modifikasiya işlərindən sonra Xəzərin Azərbaycan sektorunda qazma işlərinin aparılması üçün dənizə göndərilib. Modifikasiya işlərinin nəticəsində qurğunun yükqaldırma imkanları 453 tondan 680 tonadək artırılıb. Hazırda qurğu 6 000 metrdən artıq quyuların qazılmasını həyata keçirə bilir.

"Qazma qurğusu BP şirkətinin operator olduğu "Shallow Water Absheron Peninsula" (Abşeron yarımadası ətrafında dayazsulu sahəsi - SWAP) layihəsi çərçivəsində istismar ediləcək", - məlumatda deyilir.

Xatırladaq ki, SWAP müqavilə sahəsi daxilində kəşfiyyat qazma işləri üçün üç perspektiv sahə müəyyən edilmişdir və hər bir sahədə bir kəşfiyyat quyusunun (ümumilikdə üç quyunun) qazılması planlaşdırılır. BP şirkətinin planlarına görə, birinci quyu cari ilin üçüncü, ikinci quyu 2021-ci ilin dördüncü, üçüncü quyu isə 2022-ci ilin birinci rübündə qazılacaq. Qazma qrafiki əlavə işlərin aparılması zərurətindən asılı olaraq dəyişə bilər.

Ümumiyyətlə, dayazsulu "Abşeron" perspektiv sahəsində qazılacaq 3 kəşfiyyat quyularının dərinliyi 3-4 min metr arasında olacaq, quyular suyun 6-10 metr dərinliyində qazılacaq. SWAP layihəsi üzrə neft ehtiyatlarının olması ehtimal edilir.

Qeyd edək ki, bu ilin fevralında Əsas payı SOCAR-a məxsus olan "Caspian Drilling Company" (CDC) şirkəti və Qazaxıstanın "KazMunayGas" milli şirkətinin törəməsi olan "KMG Drilling & Services" arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Satti" qurğusu vasitəsilə quyuların qazılmasına dair müqavilə imzalanıb.

BP və SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında yerləşən dayazsulu ərazilərdə potensial perspektiv strukturların birgə kəşfiyyatı və işlənməsi üçün 2014-cü ilin dekabr ayında Hasilatın Pay Bölgüsü haqqında Sazişi (HPBS) imzalayıb. 2015-ci ilin 14 aprel tarixində Azərbaycan Respublikasının Milli Məclisi həmin Sazişi ratifikasiya etdi. Sazişə əsasən "BP Exploration (Caspian Sea) Ltd" şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya və SOCAR isə qalan 50% paya malikdir.


Etiketlər:  Qazaxıstanın qazma qurğusu Xəzərin Azərbaycan sektorunda işlərə başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ