Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2021 14:36
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara göstərilən xidmətlərin şəffaflığının artırılması, vahid mərkəzdən idarəçiliyin təmin edilməsi, vətəndaş-məmur təmasının minimuma endirilməsi istiqamətində işlər həyata keçirir. Göstərilən xidmətlərin elektronlaşdırılması da həmin istiqamətlərdən biridir.
Bunu REAL TV-ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron xidmətlər və innovasiyalar şöbəsinin müdir müavini Orxan Salahov deyib.
Bildirib ki, 2018-ci ildə ölkə başçısı bu haqda fərman imzalayıb. Sənəddə göstərilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri üzrə mərkəzləşdirilmiş elektron informasiya sistemi, sosial internet portalı yaradılsın eləcə də vətəndaşlara göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsinin təmin edilsin.
"Qoyulmuş tapşırıq yerinə yetirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşmiş elektron informasiya sistemi və e-sosial internet portalı 2018-ci ilin sonlarında yaradılıb. 2019-cu ilin əvvəlindən başlayaraq vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması sahəsində işlər həyata keçirilir. Göstərilən xidmətlərin həm elektron, həm də proaktiv qaydada həyata keçirilməsi qurum tərəfindən təmin olunur. Proaktiv xidmətlər deyərkən, vətəndaşların hər hansısa hüquqları ilə bağlı artıq ƏƏSMN-ə müraciət etməsinə ehtiyac yoxdur. Vətəndaşın yaranmış hüququ artıq ƏƏSMN-nin mərkəzləşmiş elektron informasiya sistemi vasitəsilə müəyyənləşdirilir və vətəndaşlara tanıdılaraq ona təmin edilir", - Orxan Salahov deyib.
Orxan Salahovun sözlərinə görə, 2018-ci ilin martından əlilliyə görə əmək pensiyası, 2019-cu ilin yanvarından etibarən yaşa görə əmək pensiyası, 2019-cu ilin sentyabrından isə sosial müavinətlər və təqaüdlər üzrə xidmətlərin proaktiv qaydada həyata keçirilməsi təmin edilir:
"Hazırda ƏƏSMN tərəfindən 172 xidmət göstərilir ki, bunlardan 103-ü elektron qaydada, bu 103-dən də 44-ü proaktiv şəkildə həyata keçirilir. Qarşıya qoyulan məqsəd elektron xidmətlərin sayının 10 proaktiv, 41 elektron xidmət olmaqla bərabər 154-ə çatdırmaqdır. E-sosial internet portalında vətəndaşlar barədə sosial sahə ilə əlaqədar olaraq bütün məlumatlar toplanmaqdadır. Bir növ vətəndaşların şəxsi kabineti rolunu oynayır. Yəni, bu portala sosial sahə üzrə şəxsi kabinet demək olar".
O ki qaldı bu portaldan qeydiyyatdan keçmək məsələsinə, bunun üçün vətəndaşların öz adlarına mobil telefon nömrələri olmalıdır. Bununla da qeydiyyatdan keçdikdən sonra öz şəxsi kabinetlərin rahatlıqla daxil ola bilirlər. Bundan əlavə vətəndaşların onlara lazım olan xidmətlər üzrə müxtəlif növ arayışları əldə etməsi mümkündür. Hazırda 30-a yaxın elekton arayışın əldə edilməsi e-sosial internet portalı üzərində təmin edilib.
Portalın həm İOS, həm də Android platforması üzərindən mobil əpləri də mövcuddur.