Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kamaləddin Qafarov: “Vaksinasiyanın effektivliyi əhalinin maksimum peyvənd olunması ilə mümkündür”

Kamaləddin Qafarov: “Vaksinasiyanın effektivliyi əhalinin maksimum peyvənd olunması ilə mümkündür”

Tarix: 13 Avqust 2021 10:36

"Təəssüf ki, son bir ayda ölkəmizdə COVİD-19 infeksiyasına yeni yoluxma hallarının sayında yenidən artım müşahidə olunmaqdadır. Əlbəttə ki, bunun müxtəlif səbəbləri var v karantin rejimi qaydalarının yumşaldılması şəraitində əksər vətəndaşların yenidən pandemiyasız həyatda olduğu kimi davranmaları da bu səbəblərdən biridir. Lakin dünyada gedən proseslər də  göstərir ki, pandemiyanın sona çatmasından danışmaq hələ çox tezdir. Əksinə, mütəmadi olaraq bu və ya digər ölkədə virusun yeni, modifikasiya olunmuş ştamı meydana çıxır ki, bu da infeksiyanın daha sürətlə yayılmasına yol açır. Etiraf etmək lazımdır ki, bu günə COVİD-19 infeksiyası ilə mübarizənin ən effektiv üsulu vaksinasiyadır. Hazırda COVİD-19 peyvəndi insanın immun sistemini virusla qarşılaşdıqda daha güclü mübarizə aparmasını təmin edə biləcək yeganə vasitədir. Lakin bir məqamı da nəzərə almaq lazımdır ki, bu effektivliyi yalnız cəmiyyətin kifayət qədər böyük bir hissəsi peyvənd olunduqda əldə etmək olar. Yalnız bu halda xəstəliyin başqalarına keçməsi halları azalar və çox sayda həyat xilas ola bilər".

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov deyib.

Millət vəkili COVİD-19 peyvəndinin bəzi hallarda təhlükəli ola biləcəyi barədə dolaşan şayiələrə münasibət bildirərək, bu fikirlərin tamamilə yanlış olduğunu xüsusi olaraq vurğulayıb: "Ümumiyyətlə, peyvəndlər son dərəcədə təhlükəsiz tərkibə malik olan maddələrdir. Əlbəttə ki, peyvənd olunan insanın orqanizminin konkret xüsusiyyətləri fonunda nadir hallarda peyvəndlərin əks təsirləri müşahidə oluna bilər. Lakin bu hal təkcə COVİD-19 peyvəndinə aid deyil. Bu gün apteklərdən minlərlə insanın gündəlik reseptsiz əldə etdiyi və hamı üçün tam təhlükəsiz hesab olunan bir çox ağrıkəsici, hərarətsalıcı və digər dərman preparatlarının da nadir hallarda konkret insanlarda kəskin reaksiyalar yaratma halları olur. Bu halların qarşısını almaq üçün hər kəs peyvənd olmadan öncə hamiləlik, immuniteti zəiflədən xəstəliklər, allergiya və allergik xəstəliklər haqqında mütləq məlumat verməlidir. Peyvənd vurulan hissədə qızartı və temperaturun qalxması kimi hallar isə peyvəndin əks təsirləridir və bu təsirlər sağlamlıq üçün təhlükəli deyil. Ümumilikdə isə məhz peyvəndlər sayəsində milyonlarla insanın ölümünün və əlilliyinin qarşısı alınır. Peyvəndlər xəstəliklərin qarşısını almağa və ya daha yüngül gedişatına şərait yaradır. Əgər biz bir tərəfdən peyvəndlərin verdiyi immunitetin faydalarını və digər tərəfdən də COVİD-19 infeksiyasının mövcud risklərini obyektiv qiymətləndirsək, bu zaman görərik ki, ən qısa müddətdə peyvənd olunmaq bu gün qəbul edə biləcəyimiz yeganə düzgün qərardır. Tibbi maska taxmaq, məsafə saxlamaq və gigiyenik təmizlik qaydalarına riayət etmək xəstəliyin yayılmasının qarşısını almaq üçün çox vacib profilaktik tədbirlərdir. Lakin bütün dünya təcrübəsi göstərir ki, bu tədbirlər xəstəliyin ağır gedişinin və ölüm hallarının cəmiyyətdə yayılmasının qarşısını almaq üçün kifayət deyil."

Kamaləddin Qafarov bu gün ölkəmizdə vaksin qıtlığının olmamasını, əksinə, əhalinin hətta 4 vaksindən birini seçmək imkanı olmasını dövlətimizin uğurlu siyasətinin daha bir nəticəsi olduğunu qeyd edərək deyib: "Azərbaycan COVİD-19 pandemiyası ilə mübarizənin ilk günlərindən dünyada daha effektiv nəticələrlə diqqəti cəlb edən qabaqcıl ölkələr sırasında olub. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti pandemiyanın fəsadlarını minimuma endirmək üçün bütün zəruri qabaqlayıcı tədbirləri vaxtında və yüksək effektivliklə həyata keçirib. O cümlədən, möhtərəm dövlət başçımızın böyük uzaqgörənliklə ölkəmiz üçün vaxtında işlənib hazırlanmış  vaksinasiya platforması   bu gün öz bəhrəsini verir və hazırda dünyada peyvənd preparatlarının süni defisiti yaşandığı halda, ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. 

Onu da qeyd etmək istərdim ki, hazırda vətəndaşların ən çox üstünlük verdikləri Çinin "Sinovac" şirkəti tərəfindən istehsal edilən "Coronavac" peyvəndidir. "Coronavac" illərdir istifadə olunan ənənəvi bir yolla alınır. Əvvəlcə virus çoxaldılır. Sonra isə inaktiv vəziyyətə salınır. Sadə dillə desək, öldürülür. Bu yolla əldə olunan peyvəndləri ənənəvi və yaxud da ölü peyvəndlər adlandırırlar və onlar  təxminən 4 həftə ara verməklə 2 dəfə vurulmalıdır. Vaksin olunan orqanizm ölü virus ilə qarşılaşan zaman onu həqiqi təhlükə olaraq qəbul edir və onu tanıyır. Beləliklə də orqanizmdə əks cisimlər yaranır və digər qoruma mexanizmləri aktivləşir. Bütün bunları deməkdə isə məqsədimiz odur ki, bəzi insanlar tamamilə yanlış olaraq peyvənd olunmaqdan deyil, COVİD-19 infeksiyasının növbəti, daha təhlükəli ola biləcək yayılma dalğasından ehtiyat etməlidirlər. Bu təhlükənin qarşısını ala biləcək yeganə vasitə isə məhz peyvənddir".


Etiketlər:  Kamaləddin Qafarov Vaksinasiyanın effektivliyi əhalinin maksimum peyvənd olunması ilə mümkündür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ