Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın işi çox çətindir - ''Köhlən atlar'' üçün cıdır meydanı... - FOTO

''Qarabağ''ın işi çox çətindir - ''Köhlən atlar'' üçün cıdır meydanı... - FOTO

Tarix: 19 Avqust 2021 10:56

İlk dəfə keçirilən Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ" evdə İsrail "Aşdod"u ilə üz-üzə gələndə Tofiq Bəramov adına Respublika Stadionundakı qazonun vəziyyəti ürəkaçan deyildi. Üzərindən təxminən 1 ay keçsə də, stadionun ot örtüyündə yaxşılığa doğru heç bir dəyişikliyin şahidi deyilik.

Hələ keçən həftə Konfrans Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu çərçivəsində "köhlən atlar" Bakıda "AEL"i (Kipr) qəbul edərkən də bunun şahidi olduq. Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionununda "Qarabağ" Şotlandiya təmsilçisi "Aberdin"lə qarşılaşacaq. Lakin stadionun ot örtüyünün vəziyyəti acınacaqlı vəziyyətdədir. Bu amil artıq Bakıda olan Şotlandiya təmsilçisinin idarə heyətinin sədri Deyv Kormakın da nəzərindən qaçmayıb.

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la Bakıdakı görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünü tənqid edən Deyv Kormak meydançanın qazonunun fotolarını rəsmi "Twitter"ində paylaşaraq yazıb: "UEFA belə bir meydanda necə oyun sala bilər axı? Bakıda gözəl stadion var və bunu hava limanından gələrkən gördük. Bəlkə də biz cavab matçını həvəskar komandaya məxsus "İnverdi"də keçirməliyik!".

Nəzərə alsaq ki, "Qarabağ" topla daha çox oynamağı sevən klubdur, o zaman belə bir meydançada "köhlən atların" işi heç də asan olmayacaq. Bəlkə də stadionun ot örtüyünə cavabdeh olan şəxslər ölkəmiz adına da vacib olan, ilk dəfə keçirilən Konfrans Liqasında qruplara çıxmaq üçün doğma divarlar arasında belə bir vacib görüşdə son şansı olan "köhlən atlar"a ("Qarabağ") uyğun bir meydanın işimizə daha çox yarayacağını düşünüb, bilərəkdən cıdır meydanı düzəldiblər. 

Fil Şarplesin zamanında və indi... (Qeyd edək ki, keçən ilin iyulunda Azərbaycanı tərk edən ingiltərəli mütəxəssis Fil Şarples Qəbələ şəhər stadionu, Tofiq Bəhramov adına Respublika stadionu və digər arenalarda ot örtüyünə qulluq edib).

8 il ardıcıl Avro kuboklarda mübarizə apararaq azarkeşlərə bu həyəcanı yaşamağa vərdiş halı aldırmış "Qarabağ" qruplara qala bilməsə, bu, fiasko olacaq. Tək səbəbini isə stadionun vəziyyəti ilə bağlamaq olar. Çünki topa nəzarət edərək rəqibə oyununu diqtə etdirməyi sevən "Qarabağ"ın ötürmələrindəki qeyri-dəqiqliyə son bir ayda bu stadionda çox şahid olduq.

Bəs Stadionuna cavabdeh olan şəxslər niyə belə məsuliyyətsizlik edirlər? Ümid edirəm oyunun nəticəsi matçın sonunda bu sualı xatırlamağımıza səbəb olmaz...

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Qarabağın işi çox çətindir Köhlən atlar üçün cıdır meydanı FOTO


RƏYLƏR