Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düşmən Azərbaycanı dinləyir - İrəvanda hazırlıqlar başladı

Düşmən Azərbaycanı dinləyir - İrəvanda hazırlıqlar başladı

Tarix: 19 Avqust 2021 12:48

Prezident İlham Əliyevin Laçın və Kəlbəcər səfərini Ermənistanda yeni bir gündəm formalaşdırmaq üçün də əhəmiyyətli hesab etmək olar. Azərbaycan liderinin işğaldan azad edilən bu ərazilərdə etdiyi açıqlamalar, verdiyi mesajlar da bundan əvvəlkilər kimi düşmən cəbhəsində diqqətlə izlənilir və Ermənistan cəmiyyəti İlham Əliyevin bu mesajlarını daha məqbul sayır. Müharibədən sonrakı bir çox proseslər həqiqətən Ermənistanın gündəmini məhz rəsmi Bakının formalaşdırdığı dəfələrlə özünü təsdiq edib.

Ölkə başçısının səfəri Ermənistanın, onun havadarlarının Azərbaycana qarşı son günlər ara veməyən silahlı təxribatları fonunda baş tutdu. "CNN türk"ə günlər öncə verilən müsahibənin ardınca Laçın və Kəlbəcərdən də rəsmi İrəvana, onu müdafiə edən qüvələrə vacib ismarıclar oldu. Preizdent "Qaragöl Azərbaycandır" dedi, "Göyçə və Qərbi Zəngəzurla bağlı çox önəmli ismarıcları ilə də diqqət çəkdi. O bildirdi ki, vaxt gələcək azərbaycanlılar Göyçəyə də, Zəngəzurun qərbinə də qayıdacaqlar. Bu, əslində Ermənistana və onun havadarlarına bir ismarıc idi ki, əgər siz Qarabağın dağlıq hissəsi ilə bağlı bizə olan təxribatlarınızı bundan sonra da davam etdirəcəksinizsə, biz də tarixi Azərbaycan torpaqları ilə bağlı rəsmi mövqeyimizi ortaya qoyacağıq. Hələlik söhbət insanların dinc yolla öz dədə-baba torpaqlarına qayıtmasından gedir. Amma əgər kimsə müharibə istəyəcəksə və Ordumuzun mövqelərini atəşə tutmaqda davam edəcəksə, biz də tarixi torpaqlarımıza qayıdış məsələsini prioritet məsələ kimi qarşımıza məqsəd qoyacağıq. 

Qərbi Zəngəzur (Qafan şəhəri)

Nəzərə alsaq ki, iki ay əvvəl Prezident İlham Əliyevin Fərmanı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradıldıqdan sonra, bu terminin artıq dövriyyədə olması Ermənistan KİV-lərində böyük narahatlıqla qarşılanmışdı. Və artıq söhbət Göyçədən gedir. Postkonflik dövründə xarici siyasətimizin "pressinq" fəlsəfəsinin işimizə xeyli yarıdığı diqqətdən yayınmır. Artıq Ermənistan daxilindəki proseslərdən, mediasından, eləcə də ATƏT-in Minsk Qrupunun son bəyanatlarından da görürük ki, diqqət daha çox artıq sərhəddəki gərginliklə bağlı məsələlərə istiqamətlənib. Bu, bir daha Azərbaycanın 44 günlük müharibədən sonrakı mərhələni də çox qətiyyətlə ələ aldığından, gündəmi rəsmi Bakının müəyyənləşdirdiyindən xəbər verir. 

İlham Əliyev bu mesajlarla Ermənistan hərbi-siyasi rəhbərliyinə yenidən şans verdiyini bildirib. Onun açıqlamaları ümumilikdə revanşist qüvvələrə, onlara dəstək verən qüvvələrə, dövlətlərə bundan ibarətdir ki, ağıllarını başlarına yığsınlar, əgər yenidən ərazilərimizə iddia ilə çıxış edəcəklərsə, burada itirən bir tərəf olacaq, o da Ermənistan!

Delimitasiya, demarkasiya işlərini dayandıraraq, parlament seçkiləri ərəfəsindən başlayaraq sərhəd boyu müxtəlif istiqamətlərdə atəşkəsi pozaraq təxribatlarından əl çəkməyən Ermənistan, bununla Azərbaycanla sərhəddə xarici qüvvələrin yerləşdirilməsini, sərhədlərinin təhlükəsizliyini başqa dövlətlərə həvalə etmək istədiklərini dəfələrlə açıq elan etmişdilər. Lakin son hadisələrdən sonra Nikol Paşinyan fikir dəyişikliyinə getmək məcburiyyətində qaldı. Ermənistanın baş naziri Azərbaycanla sərhədin necə qorunmalı olduğuna dair özünün sayca üçüncü və əvvəlkilərdən tam fərqlənən planını irəli sürüb (Bundan əvvəl Paşinyan Azərbaycanla sərhədə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrdən, o cümlədən Fransa və ABŞ-dan sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırmışdı. Daha sonra o, ideyasını yenilədi və bu dəfə Azərbaycanla bütün sərhəd boyu Rusiya sərhəd qoşunlarının dayaq məntəqələrinin yerləşdirilməsi planını irəli sürdü. Paşinyanın bu planını açıqlamasından sonra Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş vilayətinin Əskipara (Voskepar) kəndində Rusiya sərhəd qoşunlarının bölməsi yerləşdirildi, daha sonra Rusiya sərhədçilərinin vilayətin digər həmsərhəd kəndlərində də göründüyü məlum oldu. Belə ki, o, ötən gün hökümətin iclasındakı çıxışı zamanı Ermənistanın Azərbaycanla sərhədin "bəzi hissələrinin" mühafizəsini ölkənin Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına həvalə etməyə hazırlaşdıqlarını bildirib. Baş nazir bu planı hökumətin 2021-2026-cı illər üçün proqramını təqdim edərkən açıqlayıb. Baş nazirin fikrincə, bu plan Ermənistanın "dinc regional gündəmə" can atdığını göstərir. Onun fikrincə, sərhədçilər hərbi yox, dinc zona hesab edilən sahələrdə məsuliyyəti üzərlərinə götürürlər. Bəli, bu fikir dəyişikliyi Ermənistan rəhbərliyi tərəfindən "dinc regional gündəmə" can atmaq kimi də dəyərləndirilə bilərdi. Çünki o, bir neçə səbəbə görə açıq şəkildə deyə bilməzdi ki, Azərbaycan bizə diplomatik təzyiqlərini artırır. 

Bu gün isə 10 noyabr üçtərəfli bəyanatı imzalanan gün öz xalqı tərəfindən Parlamentin qarşısında ölümcül şəkildə döyülən keçmiş spiker Ararat Mirzoyanın xarici işlər naziri təyin olunması faktı Bakının arzuladığı ssenarilərdəndir. Çünki əvvəldən də hər kəsə məlum idi ki, Nazirlər kabinetində məhz xarici işlər naziri postu Paşinyan və Kreml arasında mübahisə predmeti idi.

Düşmən cəbhəsindəki bu ciddi islahatlar və fikir dəyişiklikləri bir daha təsdiq edir ki, Azərbaycan Prezidentinin Ermənistanın tərkibinə verilmiş ərazilərin qədim Azərbaycan torpaqlarının öz əsil adı ilə çağrılmasının vacibliyini vurğulaması həm ermənilərə, həm də ona hamilik edən qüvvələr üçün açıq mesaj olub. Azərbaycan tərəfinin hər zaman tariximizin bir hissəsi olan torpaqları ilə bağlı səsləndirdiyi fikirləri tarixi sənədlərə, ədalətə və hüquqa söykəndiyini yaxşı dərk edən Paşinyan və komandası daha böyük məğlubiyyətin məsuliyyətini daha daşıya bilməyəcəklərini anladıqları üçün payızda Bakı ilə razılığa gələcəkləri və sülh müqaviləsi üçün hazırlıqlara başlamalıdırlar. Əksi Ermənistan üçün arzuolunmaz nəticə ilə yekunlaşa bilər...

Təhməz Əsədov


Etiketlər:  Düşmən Azərbaycanı dinləyir İrəvanda hazırlıqlar başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ