Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2021 20:56
"Öncədən bizi çətin oyunun gözlədiyini bilirdik. Rəqibimiz olan "Keşlə" keyfiyyətli futbolçulardan ibarət komandadır. Həftə ərzində futbolçularımızı belə ağır matça hazırlamağa çalışdıq. Komandamız planı ümumilikdə yerinə yetirdi. Layiqli qələbə qazandıq".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 2-ci turunda evdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Yaovi Akakponu heyətə götürəndə hazır deyildi, uzun müddət futboldan kənar qalmışdı. İlk gündən də perspektiv vəd edən oyunçu idi. Hələ potensialını tam açmayıb və daha yaxşı ola bilər. Qapıçı Nicat Mehbalıyev inandığımız və güvəndiyimiz qapıçıdır. Onun oyunundan razıyam. 2:0 hesabı ilə öndə olanda və yaradılan qol imkanlarından istifadə edə bilməyəndə gərginliyin yaranması normaldır. Rəqib də qalib gəlmək istəyirdi. "Keşlə" də təzyiq göstərirdi və ikinci hissədə öz gücünü ortaya qoydu. Müdafiəyə çəkilmək fikrimiz yox idi. Əks-hücumlar hazırlamışdıq və rəqibin boşluqlarını bilirdik. Oyun göstərdi ki, bundan da yararlandıq. Əlbəttə, nəticəyə də oynamaq önəmlidir. Məni nəticədən öncə komandanın yanaşması və tapşırıqları maksimum yerinə yetirməsi razı salır. Onda işin bəhrəsini görürsən, nəticə də bəzən alınır, bəzən yox" - deyə o bildirib.
E.Baxşıyev deyib ki, komandası daha da yaxşı ola, inkişaf edə bilər: "Fasilədə də həmin epizoda görə Məqsəd İsayevə heç kim irad bildirmədi. Bu, futbolun xırda detalıdır. Belə hallar olur. Onların üzərində çox dayanmaq lazım deyil".