Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsultun profilaktikası

İnsultun profilaktikası

Tarix: 21 Avqust 2021 21:42

1. Yüksək arterial təzyiq insultun əsas səbəbi olduğu üçün onu nəzarətdə saxlayın.

İstənilən yaşda təzyiqinizin 140/90-dan yuxarı qalxması halları olursa, həkim-terapevtə və ya kardioloqa müraciət edin.

Sizə "hipertoniya xəstəliyi" diaqnozu qoyularsa, təyin edilən müalicə, pəhriz və rejimə ciddi riayət edin. Mütəmadi olaraq arterial təzyiqinizi ölçün - müalicə effektli olmazsa, bu haqda həkimə məlumat verin! Mütəmadi olaraq kardioloqun və nevropatoloqun qəbullarına gəlməyi unutmayın. Əksər hallarda hipertoniya xəstəliyi ömürlük diaqnozdur, lakin təzyiqi nəzarətdə və normal səviyyədə saxlamaqla insult və bir sıra digər fəsadların riskini xeyli azaltmış olursunuz.

Unutmayın, yüksək təzyiqə biganə olmaq və hipertoniya xəstəliyini müalicə etməmək çox təhlükəlidir!

2. Siqaret çəkmək insult ehtimalını iki dəfə artırır. Siqaret çəkməyi hətta tərqiddikdən 5 il sonra da insult riski yüksək olaraq qalır. Odur ki, bu zərərli vərdişi elə bu gün tərqidin!

3. Alkoholun vurduğu ziyanların uzun siyahısında insult da mövcuddur. Alkoholun az miqdarı belə zərərlidir, miqdar artdıqca isə təhlükə də artır.

4. Ən azı ildə bir dəfə qanda xolesterin səviyyəsini yoxladın. Normal səviyyə - 5,0 mmol/l (və ya 190 mq/dl). Xolesterin səviyyəsi bundan artıq olarsa, həkimlə məsləhətləşin.

5. Şəkərli diabet daha bir risk faktorudur. Qanda şəkər səviyyəsinə nəzarət edin, həkimin təyin etdiyi dərmanları vaxtında qəbul edin və pəhrizə riayət edin.

6. Ürək-damar xəstəliklərinin müalicəsi ilə ciddi məşğul olun, əgər Sizdə bu xəstəliklər yoxdursa - sağlam həyat tərzi və profilaktik tədbirlərə riayət etməklə onların əmələ gəlməsinin qarşısını alın.

7.Piylənmə insultun yaxın "dostudur". Artıq çəkinizi azaltmağa çalışın - yağlı və duzlu yeməkləri meyvə və tərəvəzlə əvəz edin. Zülala tələbatı yağsız süd məhsulları, balıq və toyuq əti ilə ödəyin. Vitamin S ilə zəngin olan və buna görə də çox xeyirli olan sitrus meyvələrindən, çiyələkdən, bibərdən bollu istifadə etməyi unutmayın.

8. Fiziki fəallıq insultun "düşmənidir" - qan dövranının yaxşılaşması, qanın laxtalanma göstəricilərinin optimallaşması, xolesterin səviyyəsinin aşağı düşməsi insultun ehtimalını azaldır. Yaşınıza və səhhətinizə uyğun olan fiziki gərginlik seçin: üzgüçülük, qaçış, tennis, fitness və ya sadəcə təmiz havada gəzinti (gündə 1 saatdan az olmayaraq).

9. Fiziki fəallıqla yanaşı zehninizi də çalışdırın: kitab oxuyun, yeni dil öyrənin və ya sadəcə krossvord həll edin.

10. Streslərdən uzaq olmağa çalışın. Qorxu, qəzəb, təhlükə və digər həyacanlı vəziyyətlərdə qana adrenalin, kortizol və s. aktiv maddələr - "stres hormonları" ifraz olunur və nəticədə ürək fəallaşır, arterial təzyiq və tənəffüs hərəkətlərinin sayı artır - orqanizm fiziki gərginliyə, hucuma və ya müdafiəyə hazırlaşır. Lakin müasir insan bu vəziyyətdə öz daxilinə qapanır, "içini yeyir", həyacanını siqaret və içki ilə "söndürür". Bu halda isə istifadə olunmayan aktiv maddələr orqanizmin əleyhinə işləyir. Çıxış yolu kimi isə yenə də fiziki fəallığı təklif edirik - necə deyərlər, stresdən qaçaraq uzaqlaşın.

11. Qeyd etdiyimiz kimi, insultun inkişafı beyin qan dövranının pozulması ilə sıx bağlıdır. Baş gicəllənmə, hərəkət koordinasiyasında çətinlik, zəyiflik, ətraflarda keyləşmə və ya tez-tez təkrar olunan baş ağrısı hiss etsəniz, vaxt itirmədən həkim-nevroloqla əlaqə saxlayın.

Hipertoniya, şəkərli diabet, piylənmə, insulta irsi meyillilik olan şəxslərə ildə 1 dəfə xüsusi tibbi avadanlıqlardan istifadə etməklə baş beyin damarlarını müayinə etməyi məsləhət görürük.

Optimal müayinə planını seçməyi və müayinələrin nəticələrini qiymətləndirməyi isə ixtisaslı həkim-nevroloqa həvalə edin.


Etiketlər:  İnsultun profilaktikası


RƏYLƏR