Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zamin Əliyev: Metamfetamindən mütəmadi istifadə edən xəstələrdə beyin pozuntuları aşkarlanır

Zamin Əliyev: Metamfetamindən mütəmadi istifadə edən xəstələrdə beyin pozuntuları aşkarlanır

Tarix: 1 Sentyabr 2021 23:38

"Patı" mərkəzi sinir sistemini stimulyasiya edən sintetik narkotik maddədir: "Belə maddələrdən ən çox tanınanı kokaindir, lakin "patı", yəni metamfetamin laborator şəraitdə hazırlanan tam sintetik maddədir. Əhali arasında daha çox "patı" və "şüşə" kimi tanınmasının səbəbi həmin maddənin kimyəvi tərkibi və görünüşünün şüşə qırıntılarını xatırlatmasıdır.

İnternetdə metamfetamin haqqında çoxlu yalan məlumatlar paylaşılır, yanlış təbliğat aparılır. Gənclər də məlumatsız olduqları üçün belə yalan xəbərlərə aldanırlar. Xüsusilə depressiv gənclər bu maddənin depressiyadan çıxaracaq xüsusiyyətinə malik olması yalanına uyur və metamfetaminin istifadəsinə başlayırlar. Metamfetamini bir dəfə istifadə etməklə bədəndəki enerji sərfiyyatı ani olaraq artır. Nəticədə, istifadəçi uzun müddət yuxusuz və ac qala bilir. Ona görə də, əvvəllər metamfetamin istifadəçilərinə uzun yol maşın sürən sürücülər arasında daha çox rast gəlirdik. Həmin sürücülər düşünürlər ki, "patı" istifadə etməklə uzun müddət oyaq qala biləcəm və iş qabiliyyətim artacaq. Belə təbliğatlara qətiyyən uymaq olmaz. Metamfetamin çox təhlükəli maddədir. Orqanizm 6-7 saat işləmək qabiliyyətinə malikdir. Enerji sərfiyyatının bərpası üçün bu müddətdən sonra mütləq yatmaq lazımdır.

Sonxeber.net bildirir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Zamin Əliyev deyib.

O bildirib ki, metamfetamin istifadəsi zamanı isə orqanizmin enerji balansının qaydaya salınmasında çətinlik yaranır: "Belə olan halda, istifadəçidə dəhşətli yorğunluq, depressiv hal və passivlik baş verir. Sonra istifadəçi vəziyyətdən çıxmaq üçün həmin maddədən yenidən istifadə etmək istəyir. Nəticədə, metamfetamindən fiziki və psixi asılılıq yaranır. Metamfetamini mütəmadi qəbul edən xəstələrdə beyin pozuntuları aşkarlanır. Ardıcıl 5-7 sutka ümumiyyətlə yata bilməyən xəstələrdə müəyyən qarabasmalar yaranır: gözlərinə müxtəlif həşəratlar görünür, qulaqlarına səslər gəlir: "Daha kəskin mərhələdə xəstədə sayıqlamalar, xüsusilə də qısqanclıq sayıqlamaları başlayır. Yəni, əslində baş verməyən hadisələrlə bağlı ailələrdə dava yaranır. Bundan başqa, kəskin mərhələdə təqib sayıqlamaları ilə üzləşənlər də olur. Onları daim kiminsə təqib etdiyini və öldürmək istədiyini düşünən xəstələr müxtəlif kəsici alətlər daşıyırlar. Belə xəstələrin müalicə olunub normal həyata qayıtması, depressiyadan tamamilə azad olub özünü yaxşı hiss etməsi çox uzun prosesdir.

Bəziləri isə metamfetamin bəlasına məhz arıqlamaq məqsədilə düçar olurlar. Bu maddə çəkini azaltmır, patoloji hal yaradır və bütün orqanlara mənfi təsir göstərir. Dərinin tamlığı və elastikliyi zədələnir, dəridə müxtəlif travmatik yaralar meydana gəlir. Bunların hamısı patoloji haldır".

Z.Əliyev, həmçinin ölkədəki narkotik maddə istifadəçilərinin statistikası barədə məlumat verib: "Son dövrlər Azərbaycanda narkoloji xəstəliklərdən əziyyət çəkənlərin sayında artım müşahidə edilir. Narkotik istifadəçilərinin sayı 2019-cu ildə 32 min 921 nəfər isə, son statistikaya əsasən bu rəqəm 33 min 788-dir. Qeydiyyatda olan narkotik istifadəçilərinin 600 nəfərdən çoxu qadındır. Həmçinin son aylar Respublika Narkoloji Mərkəzinə də müraciət edənlər çoxalıb. Son dövrlər ölkədə sırf metamfetamin istifadəçilərinin də sayı artıb. Onların əksəriyyəti elə əvvəldən narkotik maddə istifadəçisi olanlardır. Sadəcə olaraq, son dövrlər ölkədə metamfetamin də çoxaldığı üçün indi əlavə olaraq ondan da istifadə edirlər. Əvvəllər, ümumiyyətlə, narkotik maddə istifadə etmədiyi halda, indi sırf "patı" istifadə edənlər də var. Onu da qeyd edim ki, metamfetamindən istifadə daha çox gənclər arasında yayılıb. Ümumiyyətlə isə qarışıq narkotik maddə qəbul edənlərin sayı təkcə metamfetamin qəbul edənlərdən daha çoxdur".

Həkim-narkoloq vurğulayıb ki, şaiyələrə inanmaq olmaz: "Gənclərə bu bəladan xilas olmaq üçün müalicələrinə diqqət yetirməyi, iradəli olmağı və hələ də müalicəyə cəlb edilməyənləri mütləq narkoloji mərkəzlərə müraciət etmələrini tövsiyə edirəm".


Etiketlər:  Zamin Əliyev Metamfetamindən mütəmadi istifadə edən xəstələrdə beyin pozuntuları aşkarlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ