Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oymaçı: Hər ağacın öz naxışı, öz gözəlliyi var, onu duyub, hiss etmək lazımdır - VİDEO - FOTO

Oymaçı: Hər ağacın öz naxışı, öz gözəlliyi var, onu duyub, hiss etmək lazımdır - VİDEO - FOTO

Tarix: 3 Sentyabr 2021 22:18

Dekorativ-tətbiqi sənət növlərindən biri də oymadır. Ağac üzərində oyma bu sənətin ən qədim və geniş yayılmış janrlarındandır. Neftçala sakini Rafiq Əliyev də bir neçə ildir oyma sənəti ilə məşğuldur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Rafiq Əliyevin yaratdığı sənət nümunələri əvvəlcə dostları, qohumları üçün xatirə xarakteri daşısa da, sənətkar sonralar müxtəlif mövzulara müraciət etməyə başlayıb. Son dövrlərdə onun əl işlərinin mövzuları arasında görkəmli şəxsiyyətlər, ədəbiyyat adamları, Vətən müharibəsi və s. yer alıb.

Neftçala şəhərində yaşayan Rafiq Əliyevin uşaq yaşlarında rəssamlığa böyük həvəsi olsa da, neftçi olmaq qərarına gəlib. Lakin uzun müddətdən sonra yenidən rəssamlıqla, daha sonra oyma sənəti ilə məşğul olmağa başlayıb. İndi Neftçalada onu həm də qızıl əllərinə görə tanıyırlar. Rafiq kişi deyir ki, oymaçı olmaq üçün rəssamlıq qabiliyyəti və böyük səbir lazımdır. Sənətkar daha çox oyma sənətinin didmə üsulundan istifadə edir.

"Bu, oyma sənətinin yeni növüdür. Yenilik ondan ibarətdir ki, oymada diblər oyulur, heykəl və yaxud barelyef formasına düşür. Burada isə didilir və çökəyə salınır. Yəni, qələmlə çəkilən həmin izlər oyulur. Taxtanı həssas didmək lazımdır ki, qələmlə çəkilən xətdən kənara çıxmasın, dərin formada olmasın. İstədiyim forma və görüntünü alanda özümü rahat hiss edirəm", - deyə o bildirib.

Oymaçı taxta üzərində sadə qələmlə nöqtələrdən ibarət cizgilər çəkəndən sonra didmə prosesi başlayır. Didmənin üzəri boya ilə işlənəndən sonra sənət əsəri öz gözəlliyi ilə qabarıq şəkildə üzə çıxır.

Həyətində balaca bir emalatxana düzəldən oymaçı boş vaxtlarını burada keçirir. Ona çoxlu sifarişlər gəlsə də, hazırladığı sənət nümunələrini satmır, hədiyyə verir. "Hər bir evdə bir sənət nişanım olsun" deyir.

Oymaçının əl işlərini yüksək qiymətləndirən jurnalist-araşdırmaçı Əlövsət Əliyev bildirib ki, Rafiq Əliyevin mövzu seçimi çox rəngarəngdir: "Onun əsərlərində təbiətlə, canlı aləmlə bağlı təsvirləri də var. Hamısı da bir-birindən gözəl. Hər bir mövzunun mənası var. İnsanı düşündürür. Bu mənada Rafiq ustanın əsərləri təqdirəlayiqdir".

Rafiq Əliyevin seçdiyi mövzuların rəngarəngliyi onun sənətə olan sevgisindən irəli gəlir. Usta deyir ki, hər bir ağacın öz naxışı, öz gözəlliyi var. Bu gözəlliyi duyub, hiss etmək lazımdır. Əgər qarşındakı ağacın səndən nə istədiyini duya bilmirsənsə, deməli, o da sənə istədiyini verməyəcək.


Etiketlər:  Oymaçı Hər ağacın naxışı gözəlliyi duyub hiss etmək lazımdır VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ