Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2021 11:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Sonxeber.net xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından fiziki şəxs Yalçın Nemət Oqtay oğlu tərəfindən сari ilin 6 və 10 sentyabr tarixlərində idxal edilən ümumi çəkisi 47600 kq, hüquqi şəxs "Salamoğlu-2020" MMC tərəfindən isə 7, 8 və 14 sentyabr tarixlərində idxal edilən ümumi çəkisi 70800 kq olan ərzaqlıq kartof məhsul partiyalarına Agentliyin müfəttişləri baxış keçirmişdir. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunmuşdur. Nümunələrin götürülməsi prosesində yük sahibinin və onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmiş və ekspertiza keçirilənə qədər məhsul partiyasının toxunulmazlığı ilə bağlı xəbərdarlıq olunaraq onların bu barədə iltizamı alınmışdır.
Aparılmış ekspertizanın nəticələrinə əsasən, qeyd edilən beş idxal partiyasının hər birində ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilmiş zərərverici (Phthorimaea operculella - kartof güvəsi tırtıl mərhələsində) aşkar edilmişdir.
Karantin tətbiq edilmiş bu cür zərərli orqanizmlər ətraf mühitə, ölkənin iqtisadi potensialına təhlükə yaradır. Belə ki, kartof güvəsi kartof məhsuluna ziyan vuraraq onu tez bir zamanda xarab etməklə yanaşı, həmin xəstəliyin ölkə ərazisində yayılmasına və digər təsərrüfatlarda da böyük iqtisadi zərərlərin meydana gəlməsinə gətirib çıxara bilər. Belə zərərli orqanizmlər kütləvi yayıldıqda sahədə və ya çardaq altında müvəqqəti saxlanılan kartof məhsulunu 2-3 həftə ərzində tamamilə məhv edə bilir.
Qanunvericiliyə əsasən, hər hansı məhsul partiyasının zərərli orqanizmlərlə sirayətlənməsi müəyyən edildiyi halda həmin məhsul partiyasının məhv edilməsi və ya zərərsizləşdirilməsi zəruridir. Həmçinin müvafiq qanunvericiliyə görə, karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısını almaq və ya məhdudlaşdırmaq üçün lazımi fitosanitar tədbirlərin yerinə yetirilməsi hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahəsində başlıca vəzifə və öhdəliklərindəndir. Lakin ekspertizanın nəticələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsi üçün yüklərin saxlandığı anbarlara Agentliyin əməkdaşları tərəfindən təkrar baxış zamanı yuxarıda qeyd edilən şəxslərdən iltizamnamənin alınmasına baxmayaraq yük partiyalarının satıldığı faktı aşkar olunmuş və bununla da qanuni yazılı tələblərin yerinə yetirilmədiyi müəyyən edilmişdir.
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülməsinə başlanılıb.