Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2021 08:54
İnsanın ödü öd turşularından ibarətdir. Ödün hasili qara ciyərin öd axarlarında baş verir. Oradan öd öd kisəsinə və sonra isə onikibarmaq bağırsağa daxil edilir.
Öd həzm proseslərində iştirak edir. Öd kisəsi rezervuar (anbar) funksiyasını yerinə yetirir. Həzm prosesinin aktiv dövründə (bu zaman onikibarmaq bağırsağı mədədə qismən həzm olunmuş qida ilə dolur) öd kisəsi ödü maksimal həcmdə onikibarmaq bağırsağa ifraz edir.
İnsan müntəzəm qida qəbul etmədikdə, qida qəbulları aralarında uzun məsafələr saxladıqda, tez-tez quru yeməkləri yedikdə, öd kisəsində durğunluq yaranır. Bunun nəticəsində öd kisəsində iltihab prosesləri inkişaf edir və daşlar əmələ gəlir. Öd kisəsinin divarları nazikləşir və bu zaman öd çoxlu miqdarda yığıldıqda kisə yırtıla bilər. İnfeksiyalaşmış öd qarın boşluğuna düşür. Belə vəziyyət xəstənin həyatı üçün böyük təhlükə yaradır. Bu zaman təcili cərrahi əməliyyat təyin olunur və öd kisəsi xaric edilir. Əlbəttə ki, belə ağır fəsadları gözləmək lazım deyil. Planlı şəkildə aparılan əməliyyatdan sonra xəstə daha tez adi həyata qayıdır və əməliyyatdan sonra yarana bilən fəsadların ehtimalı da azalır.
Öd kisəsi xaric olunduqdan sonra (xolesistektomiya) insan ömrünün sonuna qədər pəhriz saxlamalıdır. Öd kisəsi olmadıqda öd yollarında öd yığıla bilməz və bu səbəbdən öd daha tez-tez xaric olunmalıdır. Bu o deməkdir ki, insan daha tez-tez qida qəbul etməlidir ki, öd yollarında öd durğunluğu baş verməsin. Əks halda öd yollarında da iltihab baş verəcək və daşlar əmələ gələcək.
Beləliklə, öd kisəsi xaric olunduqdan sonra insan həmişə pəhriz saxlamalıdır. Xüsusən bu qida qəbullarının tezliyinə aiddir. Öd yalnız qida qəbulundan sonra bağırsağa daxil olunduğuna görə qidanı gün ərzində 5 dəfədən az olmayaraq qəbul etmək lazımdır. Qida qəbullarının arasında uzun fasilələr olmamalıdır.
Bundan əlavə öd kisəsi xaric olunduqdan sonra ödün tərkibində olan fermentlərin miqdarı da azalır. Bu səbəbdən belə xəstələrin rasionundan heyvani piyləri (qoyun və mal piyi) qəti surətdə xaric olunmalıdır. Əksinə isə bitki (günəbaxan, qarğıdalı və zeytun yağları) və süd yağları (kərə yağı) belə xəstələr üçün xeyirli hesab olunur.
Bütün qida buğda və ya suda bişirilməlidir. Qızardılmış qidalar isə əks göstərişdir.
Öd kisəsi xaric edilmiş insanın rasionuna aşağıdakı qidalar daxil ola bilər:
- sıyıqlar (qarabaşaq, düyü, darı, yulaf yarmaları);
- yağsız ət, toyuq və balıq (xüsusən dəniz balığı);
- yağsız süd məhsulları (kəsmik, xama, yoqurtlar və s.);
- yumurta (yalnız ilıq şəkildə);
- bitki yağları, kərə yağı (az miqdarda);
- tərəvəzlər (xüsusən kök, balqabaq, qarpız, yemiş), meyvələr (yalnız şirin meyvələr, turş meyvə və giləmeyvələr əks göstərişdir);
- desert kimi mürəbbə, zefir, marmelad (az miqdarda).
Bu qidalar isə qəti surətdə əks göstərişdir:
- mədə-bağırsaq traktının selikli qişasını qıcıqlandıran qidalar: soğan, sarımsaq, turp, göbələk, ət və balıq bulyonları, kəskin, duzlu, hisə verilmiş qidalar, ədviyyatlar, konservlər;
- şirniyyatlar (tortlar, pirojnalar, konfetlər və s.);
- yağlı ət, balıq, toyuq;
- noxud, lobya, qara çörək;
- soyuq qidalar və içkilər (dondurma və s.) - onlar öd yollarının sıxılmasına (spazmına) səbəb olur.