Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2021 23:40
Vətən müharibəsi başlayandan sona qədər döyüşən, düşmən arxasında fəaliyyət göstərərək onların məhv edilməsində böyük rolu olan kəşfiyyatçılarımızdan biri Rafiq Məmmədovdur. 44 günlük haqq savaşında əldə etdiyimiz Zəfərdə onun da payı var.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Ağstafa rayonunda yaşayan qəhrəmanımız həqiqi hərbi xidmətə 2006-cı ildə çağırılıb və xidmətini davam etdirərək gizir rütbəsi alıb. Erməni dilində kurs keçərək bu dildə danışmağı, yazmağı öyrənib. 2014-cü ildə ehtiyata buraxılsa da, Tovuz döyüşlərindən sonra yenidən hərbi xidmətə qayıdıb.
Sentyabrın 27-də Vətən müharibəsinin ilk günlərində Rafiqin də üzvü olduğu qrup artıq düşmənin dərinliklərinə doğru irəliləmişdi. Kəşfiyyatçı gizir deyir ki, ermənilər bizim ruh yüksəkliyimizdən qorxuya düşürdü. "Döyüşlər başlayanda hər kəs yüksək əhval-ruhiyyədə idi. Heç bir qorxu yox idi. Əksinə, sevinirdik ki, torpaqlarımızı qaytarmaq bizə nəsib olub. Müharibənin davam etdiyi günlərdə Ali Baş Komandanımızın əmr və tapşırıqları vaxtında və düzgün yerinə yetirilirdi. Ermənilər ordumuzun qarşısında silahlarını ataraq qaçırdılar. Bizim yaralı əsgərlərimiz isə yaralı olsalar da, irəli getməyə çalışır, qabağa can atırdılar", - deyə Rafiq Məmmədov döyüş günlərini xatırlayır.
Qarabağ müharibəsində iştirak etmək Rafiqin uşaqlıq arzusu olub. O, bu arzusuna çatdı. Kəşfiyyatçımız tabeliyində olan 22 silahdaşı ilə birgə 44 gün düşmən arxasında fəaliyyət göstərib, onlarla mühüm obyektin, bölmələrin yerini təsbit edərək məhv edilməsində əsas pay sahiblərindən olub. Aralarında yaralananlar olsa da, qrup üzvlərinin hamısı sonadək sağ qalmağı bacarıblar. Ən uğurlu əməliyyatlarını isə belə xatırlayır: "Daşaltıdan Şuşaya girəndə ermənilərin minaatan batareyalarının yerini tapdıq. Ən uğurlu əməliyyatımız orada oldu. Düşmən minaatanları bizə imkan vermirdi ki, piyada, yaxud maşın keçsin. Yerlərini müəyyən etdikdən sonra həmin yer məhv edildi. Ondan sonra bizim şəxsi heyət hərəkətə başladı".
Füzulidən Şuşayadək döyüş yolu keçən qəhrəmanımız hər bir Azərbaycan əsgərinin Vətən müharibəsinə böyük ruh yüksəkliyi ilə qatıldığını deyir.
Rafiq Şuşa istiqamətində yaralanmasına baxmayaraq, döyüşü davam etdirib. Müharibənin son gününədək döyüş yoldaşları ilə çiyin-çiyinə vuruşub. Qələbəylə bitən 44 günlük savaşda göstərdiyi igidliklərə görə kəşfiyyatçı gizir "Füzulinin azad olunmasına", "Xocavəndin azad olunmasına" və "Şuşanın azad olunmasına" görə medalları ilə təltif edilib.