Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2021 10:20
Rusiyalı alpinist Artyom Nesterov Elbrus faciəsində arvadının qollarında can verməsindən danışıb.
Onun sözlərinə görə, son anına qədər həyat yoldaşının yanında olub, özü əl-ayağını hiss etməsə də, xanımını isitməyə çalışıb.
"Mən can verən arvadımı üç saat qollarımda saxladım. Bilirdim ki, xilas edə bilməyəcəyəm. O, ağrıdan qışqırırdı, mən isə onu çox sevdiyimi deyirdim. Bunu daha çox demədiyim üçün təəssüflənirəm", - deyə turist bildirib.
"Arvadım sadəcə əl-qollarını hərəkət etdiririr, ayaqlarını bir-birinə sürtür, isinməyə çalışırdı. Biz hamımız bu işdə təzə idik. Həyat yoldaşımla bir il hazırlaşmışdıq - qaçırdıq, alkoqoldan imtina etmişdik", - deyə o əlavə edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Nesterovun sözlərinə görə, Anton adlı bələdçi qızı tərk edərək başqalarını xilas etməyə gedib. O, qadının öldüyünü düşünüb, halbuki, qadın sadəcə soyuqdan tərpənə bilməyib.
"Həyat yoldaşımı iki dəfə dəfn etdim. Anton öz üzərinə Tanrı rolunu götürdü və kimin xilas ola biləcəyinə və kimi isə heç nə edə bilməyəcəyinə qərar verdi. Həyat yoldaşımın öldüyünü söyləyərək bizdən ayrıldı. Nəbzini belə yoxlamadı", - deyə bildirən Nesterov bu səbəbdən özünün də arvadının öldüyünü düşündüyünü vurğulayıb. Lakin bir müddət sonra o, arvadının yaşadığını bilib. Bununla belə, xilasedicilər gələnə kimi qadın həlak olub.
Xatırladaq ki, sentyabrın 23-də 4-ü peşəkar 19 turist Elbrus dağını fəth etmək qərarına gəlib. Lakin yolda qızlardan biri özünü pis hiss edib. Bələdçilərdən biri onu geri qaytarmaq qərarına gəlib. Yolda onlar qar fırtınasına tuş gəlib və qız həlak olub. 5400 metr hündürlükdə qalan alpinistləri isə digər üç bələdçi düşürmək qərarına gəlib. Onlar boranda qrupu kütləvi ölümdən xilas etmək üçün "sürətlilər" və "yavaşlar"a ayırıb və sonra enişə başlayıblar.
Faciə nəticəsində beş nəfər həyatını itirib, 14 turist sağ qalıb, onlardan 11-i müxtəlif dərəcəli travmalarla xəstəxanalara yerləşdirilib.