Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hipertoniya xəstəliyi

Hipertoniya xəstəliyi

Tarix: 2 Oktyabr 2021 07:12

Hipertoniya - xroniki xəstəlik olub arterial təzyiqin vaxtaşırı və ya daimi olaraq yüksəlməsi ilə xarakterizə olunur. Normada sağlam adamın arterial təzyiqi (A/T) 120/80 mm.civə.süt olur.

Arterial təzyiqin bu göstəricidən bir qədər artıq olması, heç də hipertoniyanın olması demək deyil. Bu hal orqanizmin fərdi xüsusiyyəti də ola bilər.

Ancaq, arterial təzyiq müntəzəm olaraq 139/89 mm.civə.süt-dan artıq olarsa, bu zaman hipertoniya xəstəliyinin inkişaf etməsindən danışmaq olar.

Hipertoniya xəstəliyi - ürək-damar sisteminin ən çox yayılmış xəstəliklərdən biridir. Bir çox hallarda insanlar hətta özlərində bu xəstəliyin inkişaf etməsindən şübhələnməyərək, bədənlərində baş verən bu dəyişiklikləri yorğunluğun, streslərin və digər səbəblərin "ayağına yazırlar". Xüsusən də bu, cavan yaşında olanlara xarakterikdir. Çünki onların əksəriyyəti belə fikirləşir ki, hipertoniya ancaq yaşlı və qoca adamlarda baş verir. Yadda saxlamaq vacibdir ki, bu çox səhv fikirdir! Hipertoniya cavan yaşlarda da inkişaf edə bilər!

Vaxtında müalicə olunmayan hipertoniya xəstəliyi insanın sağlamlığı və hətta həyatı üçün təhlükəli hesab olunur. Çünki vaxt ötdükcə xəstəlik inkişaf edib ağırlaşaraq ürəyi (miokardın infarktı, stenokardiya, ürək çatmamazlığı), beyini (insult), böyrəkləri (böyrək çatışmazlığı), damarları (həmçinin göz dibi damarlarını) zədələyir.

Hipertoniya xəstəliyi, xroniki xəstəlikdir. Ona görə də bu xəstəliyə düçar olanlar ömürlərinin sonunadək həkim-kardioloqun nəzarətində olaraq müvafiq müalicə kursları almalıdırlar. Bu zaman onlar həkim tərəfindən təyin olunan dərmanları vaxtında qəbul etməli, onun məsləhət gördüyü pəhriz və həyat rejiminə və digər məsləhətlərinə əməl etməlidirlər. Heç bir halda həkim tərəfindən təyin olunan dərmanın qəbulunu dayandırmaq, onun dozasını dəyişmək və ya digər dərmanla əvəz etmək olmaz! Bu, xəstə üçün çox acınacaqlı nəticə verə bilər! Həkim kardioloqun baxışı və onun təyin etdiyi profilaktik müalicə kursu xəstəliyin kəskin dövründən sonra, ildə iki dəfə olmaqla (əsasən yaz və payız aylarında) aparılır. Təzyiqin yüksəldiyi hər bir halda isə tez bir zamanda müalicə həkiminə müraciət etmək lazımdır!

Hipertoniyanın əlamətləri

Hipertoniya xəstəliyinin ilk dövrlərində xəstələrdə vaxtaşırı olaraq arterial təzyiqin yüksəlməsi, baş ağrıları, ürəkdöyünmə, bəzən ürək nahiyəsində ağrı, başın ənsə (arxa) nahiyəsində ağırlıq hissiyyatı yaranır. İnsanların əksəriyyəti bu əlamətlərə fikir verməyərək onları "yoğunluqla" əlaqələndirirlər.

Xəstəliyin daha gec dövrlərində yüksəlmiş olan arterial təzyiq daha davamlı olur, xəstələrdə həmçinin baş gicəllənmə, əl və ayaq barmaqlarında keyləşmə, başa qan axınının artması hissiyyatı, gözlərin qarşısında "qığılcımların" yaranması, yuxunun pozulması, tez bir zamanda yaranan yorğunluq və s. əlamətlər də meydana çıxır.

Sadalanan əlamətlərdən biri də olsa baş verən kimi, tez bir zamanda həkimə müraciət etmək tələb olunur!

Hipertoniyanın inkişafının risk faktorları:

- İrsi faktor. Valideyinlərinin hər ikisində hipertoniya olanlar üçün risk dərəcəsi daha yüksək olur;

- Tez-tez baş verən və uzun müddət davam edən streslər;

- Az hərəkətli həyat tərzi;

- Çəkinin normadan artıq olması;

- Siqaret çəkilməsi və spirtli içkilərdən çox istifadə edilməsi;

- Xörək duzundan çox istifadə edilməsi;

- Uzun müddət ərzində bəzi dərman preparatlarının (tərkibində hormonların miqdarı çox olan hamiləlik əleyhinə oral kontraseptivlər, iştahanı azaldan dərmanlar və s.) qəbul edilməsi.


Etiketlər:  Hipertoniya xəstəliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ