Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran, sən gerçəkdən İslam dövlətisən?

İran, sən gerçəkdən İslam dövlətisən?

Tarix: 6 Oktyabr 2021 14:08

Ermənistanı müdafiə edən, işğalı dəstəkləyən onun hansı dinin təmsilçisi olmasından asılı olmayaraq heç vaxt Azərbaycanın dostu ola bilməz. Azərbaycan artıq dostunu da, düşmənini də yaxşı tanıdı. 44 günlük müharibə kifayət etdi ki, rəsmi Bakı kimin kim olduğunu bilsin. 

Sülhməramlı kontingentin müvəqqəti məsuliyyət zonası sayılan ərazilərdə yaşayan erməniləri silah-sursat, yanacaq, ərzaqla təchiz edən İran TIR-larının polisimiz tərəfindən saxlanılaraq əraziyə daxil olmasına icazə verməməsi ilə illərdir Azərbaycandan gizlənən "quyruğu" üzə çıxardı. Əməlləri Bakı tərəfindən ifşa olunan İranın əsl siması bundan sonra daha aydın şəkildə qənşərə çıxmağa başladı. Əyalət mollasından tutmuş nazir səviyyəsinə kimi Azərbaycanı təhdid edəcək mesajlar yollayaraq Bakının Gorus-Qafan yolunda tətbiq etdiyi yeniliyi heç cürə həzm edə bilmədiyini göstrən Tehran, bunun bir işə yarımayacağını görüncə dərhal ordusu vasitəsilə Azərbaycanla sərhəddə güc nümayişinə əl atdı. Qarabağın 30 illik işğalı dövründə bir dəfə də olsun həmin istiqamətdə xırdalı-irili bir hərbi təlim də keçirməyən İranın birdən-birə belə bir qərar verməsi Bakı üçün nə qədər gözlənilməz oldusa, bir o qədər də gözlənilən idi. Çünki müharibə vaxtı sözügedən dəhlizlə ardı-arası kəsilmədən erməniləri silahlandıran və bunu müharibədən sonra da davam etdirən bir ölkədən ancaq bunu gözləmək olardı. 

Bütün bu hadisələr fonunda İran səfirinin İrəvanda Ermənistan Müdafiə Naziri ilə görüşməsi Tehranın məqsəd və məramını Bakı üçün daha da aydınlaşdırdı. Erməni nazirin görüşdən sonra mətbuata açıqlamasında "Regional təhlükəsizliyin təmin edilməsində İranın rolu əvəzedilməzdir" sözlərinə xüsusi yer verməsi, Tehranın Ermənistanı açıq himayəsinə aldığını bir daha göstərdi. 

Hüseyn Əmir Abdullahian Azərbaycanın İrana təyin etdiyi yeni səfiri Əli Əlizadənin etimadnaməsini qəbul edərkən "regionda sionist rejimə dözməyəcəklərini və rejimin fəaliyyətinə qarşı lazımi tədbirlər" görəcəklərini bildirməsi İranın Bakını təhdid etmək üçün yeni "macərə" axtarışında olduğuna bir işarə idi. O, bunun ardınca Azərbaycanın tutduğu mövqedən narazılığını bildirərək Azərbaycanda İran dövlət nömrəli nəqliyyat vasitələrinin sürücülərinə göstərilən münasibəti "yaraşmayan rəftar" kimi dəyərləndirməsi cənub qonşumuzun növbəti absurd yanaşmasını ortaya qoydu. "Yaraşmayan rəftar"ı Azərbaycan buna kimi İranın özünə iki xəbərdarlıq zamanı göstərdi. Bakı adını "şiə qardaşı", "din qardaşı", dost qoyduğu ölkəyə qarşı xəyanət edən İrana bunun Azərbaycanın ərazi bütövlüyünə böyük hörmətsizlik, təhdid olduğunu düz iki dəfə Tehrana müxtəlif kanallar vasitəsilə çatdırdı. Lakin Bakının müraciəti qulaqardına vurulunca, erməni sevgisi bütün bu sadalananların önünə keçincə, yenidən Qarabağa yük maşınları ilə təminat daşınması halı təkrarlanınca, Azərbaycan əməli addım atmaq məcburiyyətində qaldığı üçün, hüququndan istifadə edərək xoşagəlməz prosesə mane oldu. 

Bundan sonra İranın XİN rəhbəri Abbullahyan Tehrandakı İRİB dövlət teleradiokorporasiyasına verdiyi müsahibəsində "Azərbaycanla sərhədin yaxınlığında keçirdiyimiz hərbi təlimlər terrorçulara yolladığımız mesajdır. Bakıya dəfələrlə bəyan etdik ki, sərhədlərimizin yaxınlığında saxta sionist rejimin elementlərinin mövcudluğuna dözən deyilik. Sionistlərlə terrorçuların Azərbaycana müdaxiləsi bizə aydındır. Təlimlər də onlara mesajımızdır" bəyanatı ilə İranın Bakı ilə münasibətləri gərginləşdirməkdə maraqlı olduğunu təsdiq etmiş oldu.

O "Geosiyasi məsələlərdə çox həssasıq. Və Azərbaycan Respublikasına birbaşa bəyan etdik ki, bölgədə sərhədlərin dəyişməsi yolverilməzdir. Narahatlığımızı Azərbaycan rəhbərliyinə diplomatik kanallarla da çatdırmışıq. Azərbaycanlı bağlı situasiyanı anlayırıq. Xarici ölkələrin müdaxiləsini, habelə sionistlərlə terrorçuların Azərbaycanda olduğunu da bilirik. Bütün bunların gələcəkdə Bakı üçün problemlər yarada biləcəyindən narahatıq" deməklə Bakını açıq təhdidə keçdi deyə bilərik.

Təbii ki, bu açıqlama cavabsız qala bilməzdi. XİN səviyyəsində Tehranın cavabı verilsə də, İrana ən böyük mesajı məhz Prezident İlham Əliyev Arazın sahilində (Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı - red) göndərdi: "Biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada - Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bilirsiniz, bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Mənə məlumat verildi, mən dedim ki, fikir verməyin. Hansısa əyalət mollasının sözləri ilə biz indi bu fikirlərə əhəmiyyət verəsi deyilik. O kimdir ki?! Sadəcə olaraq, əhəmiyyət verməyin. Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun". Dövlət başçısı daha sonra Azərbaycanın öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracağını vurğulamaqla, heç kimə rəsmi Bakının işinə burnunu soxmağa imkan verməyəcəyini bildirməsi Tehran üçün soyuq duş oldu. 

Bu proseslərin ardınca Əmir Abdullahyanın təcili Moskva səfərinin şahidi olduq. Moskvadan "Rusiyadan bölgə ölkələrinin sərhədlərində baş verə biləcək dəyişikliklərə reaksiya verəcəyini və qəbul edəcəyini gözləyirik" açıqlaması verən İran XİN rəhbəri bu sözləri ilə öz haqsız, absurd mövqeyinə yeni tərəf əlavə etməyi hesablayıb. 

Lavrovla görüş öncəsi Abdullahyan Moskvada jurnalistlərə açıqlamasında bildirib ki, "Tehran Moskvadan regionda "sionistlər və terrorçular"ın mövcudluğuna reaksiya gözləyir". Tehranın rusların qapısını nə üçün döydüyü vacib görüş öncəsi Abdullahyanın etdiyi açıqlamalardan aydın olur. İsrailin bölgədə mövcudluğunu iddia edən İranın "terrorçular" ifadəsi burada heç şübhəsiz ki, 44 günlük müharibədən sonra bölgəyə daha da yaxınlaşan Türkiyə və Pakistana işarədir. Moskva səfərində İran XİN rəhbərinin belə bir açıqlama verməyindən aydın olur ki, Tehran Türkiyə və Pakistanı birbaşa qarşısına almaq istəmir. Abdullahyanın "sionist" iddiası isə dini kəsimi İsrailə qarşı birləşdirməyə cəhddən başqa bir şey deyil. Amma Azərbaycan kimi artıq digər müsəlman ölkələri də kimin kim olduğunu, kimin kafirlərə xidmət etdiyini yaxşı görür.

Dünən İranın Azərbaycanın hərbi təchizat təyyarələrinin uçuşuna qadağa qoyması Naxçıvanın hərbi təchizatının qarşısını almaq üçün atılmış bir addım oldu. Bununla İran bir daha Zəngəzur dəhlizinin açılmasına qarşı olduğunu, Azərbaycana bu qədər qəzəbinin əsas səbəbinin haradan qaynaqlandığını göstərdi. Bununla da İranın Azərbaycana qarşı növbəti xəyanəti özünü çox gözlətmədi. Lakin tərs sillə Tehrana elə himayə etdiyi Ermənistandan gəldi. Belə ki, Ermənistan Tehranın Bakıya qarşı bu növbəti qeyri-adekvat addımından saatlar keçmiş (bu gündən etibarən) Ermənistan hava məkanını Azərbaycana açdı. "Azərbaycan Hava Yolları" aviaşirkəti oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb. Bu addım bir daha Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir. Eyni zamanda Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi, həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq. Nəticə etibarı ilə İran özünə pislik etmiş oldu.

Nəzərə alsaq ki, İran nəqliyyat-tranzit məsələlərində Azərbaycan ərazisindən daha çox istifadə edir. Bu, əsasən, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən daşımalarda özünü göstərir, o zaman Tehranın son addımından kimin daha çox zərər görəcəyi bəllidir. Onu da əlavə edim ki, İranın Azərbaycana növbəti dəfə zərbə vurmaq cəhdi Naxçıvandakı hərbi hissələrin təchizatına bir o qədər də təsir göstərməyəcək. Azərbaycan bu marşrutdan çox az istifadə edir və daha çox digər marşrutlar üzrə daşımalara üstünlük verirdi. 

Köçəryan son mətbuat konfransında bildirdi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsa da, Azərbaycanın üzv dövlətlərlə münasibətləri Ermənistandakından daha yaxşıdır. Köçəryan haqlıdır, Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan Ermənistanı Azərbaycan qarşısında məğlubiyyətdən xilas etmədi. İran da bu məqama gərək diqqət yetirsin. Anlasın ki, Azərbaycan daha əvəllki Azərbaycan deyil və hər gün istər region dövlətləri arasında, istərsə də dünyanın siyasi sferasında nüfuzu durmadan artır.

Təəssüf ki, Tehranın addımları belə təəssürat yaradır ki, İran bölgədə Fransa vassallığını öz boynuna götürüb. Lakin Azərbaycanın Vətən müharibəsi ilə regionda yaratdığı yeni reallıq deməyə əsas verir ki, bu bölgənin gələcəyi TAP (Türkiyə, Azərbaycan, Pakistan) ittifaqının əlində cəmləşəcək. 

Aydın məsələdir ki, İran artıq Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirmək xəttini seçib, "qırmızı çizgiləri" aşmaqda davam edir. Ancaq Tehranın pressinqi bundan ibarət deyil: ali dini lider və İslam Keşikçilər Korpusunun komandanlığı da "sionizmlə mübarizə" adı altında Azərbaycanı hədəf seçiblər. Geri addım atacağımızı zənn edərək təzyiqi artıran Tehran atdıqları hər addımın qarşılığının olduğunu artıq hiss edir. 

İran "Azərbaycan sisonistləri sərhəddimizə yerləşdirir" deyərək yersiz, əsassız ittihama əl atarkən bu məqama diqqət yetirməlidir ki, BMT tərəfindən 4 dəfə işğalçı kimi tanınan İsrail deyil, Ermənistandır. Ermənistana görə Azərbaycanla üz-göz olmağı seçən Tehran bilməlidir ki, Gəncə və Xocalı soyqırımları barədə Ermənistanın ünvanına bir kəlmə belə işlətməyən İslam dövləti ola bilməz. Bunun başqa bir təsdiqinə işğaldan azad edilən ərazilərdə qarşılaşdıq və bütün dünya artıq həmin mənzərədən halidir. Adını "İslamın keşikçisi" qoyub, ermənilərin müsəlman məscidlərindəki barbarlığına göz yuman, gerçəkdənmi İslam dövlətidir?

Təhməz Əsədov


Etiketlər:  İran sən gerçəkdən İslam dövlətisən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ