Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AZAL yeni "Boeing 787 Dreamliner" təyyarələri almaq istəyir

AZAL yeni

Tarix: 14 Oktyabr 2021 17:04

Oktyabrın 14-də Bakı şəhərində AZAL-ın prezidenti Cahangir Əsgərov ilk dəfə Bakıya işgüzar görüşlə səfər edən "Boeing Commercial Airplanes" şirkətinin Rusiya və MDB ölkələrində Satış və Marketinq üzrə vitse-prezidenti Monte Freyzerlə görüşmüşdür. Görüşdə həmçinin şirkətin satış üzrə direktoru Volkan Eser də iştirak etmişdir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib ki, görüş çərçivəsində "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün yeni Boeing 787 Dreamliner təyyarələrinin çatdırılmasına dair ilkin razılaşma əldə edilib. Tərəflər "Boeing" korporasiyası tərəfindən 9 genişfüzelyajlı Dreamliner təyyarəsinin təchizat imkanlarını müzakirə ediblər. Həmin təyyarələr AZAL-ın hava gəmiləri parkına daxil olan mövcud Boeing 757, Boeing 767 və Airbus A340 təyyarələrini 2030-cu ilin sonunadək əvəz edə biləcək.

Müvafiq təklif hazırlandıqdan sonra "Azərbaycan Hava Yolları" QSC-nin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaqdır.

Hazırda AZAL aviaşirkəti uzaqməsafəli istiqamətlərdə özünü doğruldan iki Boeing 787-8 Dreamliner təyyarəsini istismar edir. Qeyd etmək lazımdır ki, AZAL postsovet məkanında Boeing 787-8 Dreamliner təyyarəsi istismar edən ilk aviaşirkətdir. Aviaşirkətin hava gəmiləri parkına belə yeni təyyarələrin daxil edilməsi "Azərbaycan Hava Yolları"nın bütün dünyada uçuşlarının coğrafiyasını daha da genişləndirəcəkdir.

Görüş zamanı tərəflər AZAL və Boeing arasında tərəfdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndiriblər və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

Milli.Az


Etiketlər:  AZAL yeni Boeing 787 Dreamliner təyyarələri almaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ