Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ata, ən böyük arzum əmimin qisasını almaq və torpaqlarımızın düşməndən təmizlənməsində iştirak etməkdir... - VİDEO

Ata, ən böyük arzum əmimin qisasını almaq və torpaqlarımızın düşməndən təmizlənməsində iştirak etməkdir... - VİDEO

Tarix: 29 Oktyabr 2021 23:56

Sərxan Habil oğlu Həsənov 1999-cu il martın 8-də Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. 2005-2014-cü illərdə Q.Rzayev adına Hacallı kənd tam orta məktəbində təhsil alıb. Sərxan 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. 2019-cu il yanvarın 15-də snayperçi kursuna yazılıb, martın 4-də "N" saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb. Sərrast snayperçi bir çox "Fəxri fərman"larla təcltif olunub.

Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsinə qumbaraatan olaraq qatılan Sərxan elə həmin gün Füzulinin azadlığı uğrunda gedən hərbi əməliyyatlar zamanı şəhid olub. Sentyabrın 28-də Tovuz rayonunun Əlibəyli kəndində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidimiz tək bacının tək qardaşı idi.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sərxanın əmisi Həsən Əmiraslan oğlu Həsənov Birinci Qarabağ müharibəsində şəhid olub. Sərxan atası ilə telefonla danışanda deyirmiş ki, "Ata, ən böyük arzum əmimin qisasını almaq və torpaqlarımızın düşməndən təmizlənməsində iştirak etməkdir". O, hər iki arzusuna çatdı, özü də buna ən yüksək məqama yüksələrək nail oldu.

Şəhidin anası Sevinc Həsənova oğlu ilə son danışıqlarını belə xatırlayır: "Sentyabrın 27-də Sərxandan zəng gəldi ki, döyüşdə irəliləyirik, heç nədən qorxmayın. Ölməyə yox, öldürməyə gedirik. Şəhid olsam, ağlamayın. Ana, o zirvəyə yüksəlsəm qürur duy, fəxr et ki, elə oğul böyütmüsən. Ona özündən muğayat olmağı tapşırdım. Dedi ki, "qorxma, burada döyüşən təkcə sənin oğlun deyil. Burada minlərlə oğul var. Sən nədən qorxursan? Axı biz öz torpaqlarımızda irəliləyirik?!" Bizə özümüzdən muğayat olmağı, bir-birimizə sahib çıxmağı tapşırdı. Həmin gün saat 12-dən sonra bizim əlaqəmiz kəsildi. Saat 4-dən sonra şəhid olduğu xəbərini verdilər. Sərxan öz məqsədinə, öz arzusuna çatdı. Analar üçün övlad acısı çətin olsa da, sevinirik ki, torpaqlarımız azad edildi. O, hərbçi olmağı ilə fəxr edirdi. Mən də onunla fəxr edirdim, indi ikiqat qürur duyuram. Hər zaman deyirdi ki, öncə Vətəndir. Vətəninə sadiq olan insan ailəsini də qorumağı bacarar. Övladım Vətənə sədaqətini şəhidliyi ilə sübut etdi".

S.Həsənova şəhid ailələrinə göstərilən diqqət və qayğıdan da razılıq ifadə edərək deyib: "Ölkə başçısı şəhidlərin əmanətinə sahib çıxır, daim şəhid ailələrinin yanında olur. Dövlətimiz bizi unutmur. Biz Sərxanın arzuları üçün yaşayırıq. Oğlumun evin təmiri ilə bağlı arzuları var idi. İşləyib təmiri istədiyi kimi etmək arzusunda idi. Biz "YAŞAT" Fondun müraciət etdik, şəhidimizin arzusunu çatdırdıq. Onlar da müraciətimizi çox müsbət qarşıladılar. Sərxanın arzusunu yerinə yetirdik, təmir-bərpa işlərini gördük. Qalan arzularını da yavaş-yavaş həyata keçiririk".


Etiketlər:  böyük arzum əmimin qisasını almaq torpaqlarımızın düşməndən təmizlənməsində iştirak etməkdir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ