Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2021 19:18
Bir neçə gün əvvəl müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin Baş qərargah rəisi, general-leytenant Kərim Vəliyev və nazirliyin digər rəhbər şəxsləri Azərbaycan ordusunun yeni yaradılmış komando hərbi hissəsinin açılış mərasimində iştirak etmişdilər. Müdafiə Nazirliyinin məlumatında deyilirdi ki, bu hərbi hissədə uzun müddət Türkiyədə "Komando hazırlığı kursu" keçmiş şəxsi heyət yerləşdirilib. Onlara komando beretləri təqdim olunub. Bildirildi ki, yeni hərbi hissənin şəxsi heyəti 44 günlük Qarabağ müharibəsinin təcrübəsi nəzərə alınmaqla hazırlanıb. Nazir ordunun şəxsi heyətinin peşəkarlığının daha da artırılması üçün bu kursların davam etdiriləcəyini deyib.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, Azərbaycan ordusunun dağ komandolarından ibarət yeni hərbi hissəsinin yaradılması Türk Ordusu modelinə uyğun yeni ordu quruculuğuna dair Ali Baş komandan, prezident İlham Əliyevin müharibənin başa çatmasının ardınca hərbi rəhbərliyin qarşısında qoyduğu vəzifəyə əsasən həyata keçirilir. Azərbaycan ordusunun şanlı qələbəsi, düşmənin darmadağın edilməsi ilə nəticələnən bu müharibə şübhəsiz ki, çatışmayan cəhətləri də üzə çıxarmışdı. Məhz müharibənin təcrübəsini nəzərə alaraq Azərbaycan ordusunu Türkiyə ordusunun modelinə uyğun yenidən qurmaq vəzifəsi qarşıya qoyulmuşdu.
Bu vəzifəyə uyğun olaraq demək olar ki, müharibənin başa çatmasından cəmi bir ay sonradan etibarən intensiv Azərbaycan-Türkiyə hərbi təlimləri keçirilməkdə idi. İl ərzində çoxsaylı belə təlimlər, o cümlədən xüsusi təyinatlıların cəlb olunduğu təlimlər keçirilib. Azərbaycan ordusunun hərbçiləri bir-birinin ardınca Türkiyəyə hərbi hazırlıq kurslarına göndərilib, o cümlədən dağ komandosları hazırlanıb. Hərbçilərimiz Türkiyənin İsparta bölgəsində "Dağ komandosu" kursunu müvəffəqiyyətlə başa vurublar.
Hazırda Azərbaycan ordusu Ermənistanla dövlət sərhədlərinin Kəlbəcər və Laçından keçən yüksək dağlıq ərazilərində yerləşdirilib, işğaldan azad edilmiş ərazilərin bir hissəsi sərt dağlıq relyefə malikdir və deməli Azərbaycan ordusunun peşəkar dağ komandolarına malik olması zərurəti yaranır.
Azərbaycan ordusunun dağ komandolarından ibarət hərbi hissəsinin yaradılması hansı əhəmiyyət kəsb edir? Dağ komandosları hansı döyüş vəzifələrinin yerinə yetirilməsi üçün nəzərdə tutulub? Bunların xüsusi təyinatlı qüvvələrdən fərqi nədədir?
Mövzu ilə bağlı Türkiyə Silahlı Qüvvələrinin istefada olan general-leytenantı (tümgeneral), qardaş ölkənin Bakıdakı keçmiş hərbi attaşesi Yücel Karauzla sualları cavablayıb.
"Dağ komandolarının ilk buraxılışı Azərbaycanın hərbi gücünü daha da artırmaq istiqamətində çox mühüm addımdır. Bu bölmələr günün istənilən vaxtında və istənilən havada, istənilən ekstremal relyef şəraitində xüsusi çətin vəzifələri yerinə yetirmək üçün öyrədiliblər. Onların hazırlanması prosesində dərin kəşfiyyat və düşmənin arxa cəbhəsinə gizlin keçərək strateji hədəfləri məhv etmək qaydaları sınaqdan çıxarılır...", - general Karauz bildirib.
Yücel Karavuzun sözlərinə görə, müasir orduda quru qoşunlarının maksimal effektivliyini spesifik tapşırıqları yerinə yetirən motorlu piyada, xüsusi təyinat və komandos bölmələrinin birgə fəaliyyəti təmin edir. Bunu ikinci Qarabağ müharibəsi dövründə yeni əməliyyat-taktiki ideya və sxemlər nümayiş etdirən Azərbaycan ordusunun hərbi əməliyyatları da təsdiqlədi.
General deyir: "Böyük ərazilər işğaldan azad olunandan sonra Azərbaycan bölgənin bəzi ölkələrindən gələn biləcək təhlükələri nəzərə alaraq öz ordusunun döyüş qabiliyyətini artırmaqda davam edir. Sizin ölkənizin Qarabağ müharibəsindən əvvəl də yetərincə piyada və xüsusi təyinatlısı vardı, ancaq Türkiyənin bir neçə hərbi məktəbində hazırlanan dağ komandosu bölmələri çatışmırdı. Niyə onlar bu qədər vacibdir? Məsələ ondadır ki, xüsusi təyinatlı dəstələrin missiyası komandoların məqsədlərindən fərqlənir. Gecə görmə cihazları, ekstremal şəraitdə sağ qalmaq vərdişləri və xüsusi silahla təmin olunan xüsusi təyinatlılar havadan, dənizdən və qurudan düşmənin arxasına keçmək vəzifəsini yerinə yetirir, həmçinin adi şəraitdə döyüş əməliyyatları aparır. Azərbaycan xüsusi təyinatlılarının operativ fəaliyyətinə parlaq nümunə - Hadrut və Şuşanın azad olunmasıdır. Ancaq müharibədən sonrakı dövrdə dəyişən geosiyasi vəziyyətlər, habelə yeni dövlət sərhədlərinin yaranması Azərbaycandan sürəti azaltmamağı və ordunun modernləşdirilməsini davam etdirməyi, onun müasir silah və hərbi texnika ilə təchizatını, həmçinin bölmələrin keyfiyyət səviyyəsini yüksəltməyi tələb edir. Dağ komandolarının bir neçə bölməsini yaratmaq ideyası da bu cür əmələ gəldi...".
Türkiyə-Azərbaycan münasibətlərinin çox yüksək səviyyədə olduğunu qeyd edən Karavuz bildirir ki, onun ölkəsi Azərbaycanla elitar hissələrin formalaşması təcrübəsini, o cümlədən dağ komandolarının hazırlanması praktikasını bölüşməyə şaddır. Generalın xatırlatdığı kimi, məlumdur ki, Türkiyə artıq 40 ildir ölkənin cənub-şərqində kürd terroruna qarşı silahlı mübarizə aparır. Bundan əlavə, Türkiyə komandoları Suriya, İraq, Liviyada beynəlxalq terrorizmlə mübarizədə iştirak edirlər...
Yücel Karauz deyir ki, bu bölmələrin sayı durmadan artır - Türkiyə ordusu təhlükəsizliyin qorunması məsələlərinə və ölkənin coğrafi xüsusiyyətlərinə müvafiq olaraq artıq dörd ildir dalbadal nizami piyada hissələrinin sayını azaldır, paralel olaraq isə komando və xüsusi təyinat bölmələrinin sayını artırır. Bu, heç də piyada qoşunların bir quru qoşun növü kimi yox olacağı anlamına gəlmir. Piyadaların öz vəzifələri var. Ancaq Türkiyənin coğrafi şəraitində (o isə Azərbaycanın şəraitinə bənzəyir) komando qüvvələri piyada qoşunlardan daha çox əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Türkiyənin hərbi məktəbləri artıq 40 ildir NATO standartlarına cavab verən yüksək səviyyəli əsgər və zabit komandolar hazırlayır.
"Məlumdur ki, Azərbaycanda təkcə Türkiyədə yox, həm də ABŞ və digər ölkələrin hərbi mərkəzlərində təlim keçmiş komando bölmələri var. Bu isə çox şeydən xəbər verir. Hazırda sizin ölkəniz bütün imkanlara və ehtiyatlara malikdir ki, ən qısa zamanda ordusunun gücünü daha da artırsın. Bu ordu 44 günlük müharibədə istənilən miqyasda və çətinlikdə olan döyüş tapşırıqlarını yerinə yetirməyi bacardığını göstərdi", - general Karauz vurğulayıb.