Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəbzin seyrəkləşməsi və onun xalq təbabətində müalicəsi

Nəbzin seyrəkləşməsi və onun xalq təbabətində müalicəsi

Tarix: 30 Oktyabr 2021 20:45

Təbabətdə ürək vurğularının seyrəkləşməsi ilə müşayiət olunan ritm pozulmaları sinus bradikardiyası adlanır.

Sinus düyünü yuxarı və aşağı boş venaların birləşərək sağ qulaqcığa açıldığı yerdə yerləşir. Ürək ritminin aparıcısı olan sinus düyününün avtomatizminin zəifləməsi ürək vurğularının sayının 30-50-yə qədər azalmasına, başqa sözlə desək, sinus bradikardiyasına aparıb çıxarır.

Səbəbləri

Sinus bradikardiyasına nikotin və qurğuşunla zəhərlənmə, orqanizmə soyuğun təsiri, meningit, beyin şişi və ya ödemi səbəbindən kəllədaxili təzyiqin artması, ürək əzələsinin və sinus düyününün sklerozu, parasimpatik sinir sisteminin tonusunun yüksək olması, aclıq, sarılıq, qalxanvari vəzin funksiyasının zəifləməsi, xinidin və digitalis preparatlarının təsiri səbəb olur. Xəstəlik fizioloji olaraq peşəkar idmançılarda da müşahidə edilir.

Əlamətləri

Bəzi hallarda sinus ritminin pozulması yüngül olur və heç bir əlamətlə özünü büruzə vermir. Bir qədər ağır hallarda sinus bradikardiyası başgicəllənməsi, soyuq tər basması, ümumi zəiflik, ürəyin dayanması hissiyyatı və bayılma əlamətləri ilə üzə çıxır. Onun əsas səbəbi beynin və ümumilikdə orqanizmin oksigen aclığıdır.

Sinus bradikardiyasının diaqnozu EKQ müayinəsində P-Q və ya T-P intervallarının uzanması ilə qoyulur.

Təhlükə

Ürək vurğularının sayının nəzərəçarpmayacaq dərəcədə azalması xəstənin həyatı üçün xüsusi təhlükə törətmir. Lakin həmin dəyişikliklər digər orqanların patologiyası barədə xəbər verə bilər. Sinus ritminin ləngiməsi ağır formada müşahidə olunanda ən təhlükəli məqam xəstənin bayılmasıdır, çünki bayılma zamanı ürəyin spontan dayanma ehtimalı yüksək olur. Həmin vəziyyətdə olan xəstənin müalicəsi bədənə implantasiya edilən və ürəyin düzgün ritmlə döyünməsini təmin edən elektrokardiostimulyatorlar vasitəsilə aparılır.

Xalq təbabəti reseptləri

- Ciçək tozu, arı südü, dəniz yosunu, balıq, zeytun və Fitooil Zəyərək (kətan) yağı qəbul etmək tövsiyə olunur.

- Qozla küncüt yağı qarışığı

500 qram qoz ətçəkən maşınından keçirilir, üzərinə 250 ml Fitooil Küncüt yağı və 250 qram şəkər tozu əlavə edilərək qarışdırılır. Başqa bir qabda xırdalanmış 4 ədəd limonun üzərinə yarım litr qaynar su tökülür, bir qədər soyuduqdan sonra qozlu qarışıqla qarışdırılır, gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı qəbul edilir. Müalicə uzun müddət aparıla bilər.

- Boymadərənlə müalicə

1 xörək qaşığı qurudulmuş boymadərən otu 200 ml suda 15 dəqiqə vam ocaqda qaynadılır. Ocaqdan götürüldükdən sonra 1 saat dəmlənir, gündə 3 dəfə 1-2 xörək qaşığı qəbul edilir.

- Alkoqolsuz şərab

Yarım litr qırmızı şərab emallı qabda 10 dəqiqə qaynadılanda tərkibində olan alkoqol buxarlanır. 50 qram bostan şüyüdünün meyvəsi onun içərisinə əlavə olunur və daha 10 dəqiqə qaynadılır. Soyuyana qədər dəmləndikdən sonra şüşə bankaya tökülərək soyuducuya qoyulur. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı ilıq şəkildə qəbul edilir. Müalicə 2 həftə aparıldıqdan sonra 10 gün fasilə verilir və kurs təkrar olunur.

- Qədim Tibet üsulu

10 ədəd limon üzərinə qaynar su tökülür, 1 dəqiqə saxladıqdan sonra su süzülür və limonların şirəsi sıxılır. 10 baş sarımsaq qabıqdan təmizlənir, əzilərək sıyıq halına salınır. Sarımsaq limon şirəsi və 1 litr təbii balla qarışdırılır, 3 litrlik şüşə bankaya tökülərək sərin və qaranlıq yerə qoyulur. Qarışığı soyuducuda saxlamaq olmaz. Hər gün çalxalamaq şərti ilə 10 gün dəmlənir və gündə 1 dəfə səhər acqarına 4 çay qaşığı qəbul edilir. Qarışığı dilin üzərində saxlayıb yavaş-yavaş sormaq daha faydalıdır. Müalicə qarışıq bitənə qədər - təxminən 3 ay aparılır və 1 ildən sonra təkrar edilir.

- Küknar cövhəri

Küknarın təzə budaqlarının uc hissələrindən 70 qramı şüşə bankaya tökülür, üzərinə 300 qram 40 faizli spirt əlavə olunur, ağzı bağlanır və 10 gün günəş şüalarının altında dəmlənir. Alınan cövhər gündə 3 dəfə yeməkdən 20 dəqiqə əvvəl 15-20 damcı qəbul olunur.

- Şəfa mənbəyi

Gündə 2 dəfə səhər və günorta 2 xörək qaşığı bitki ekstraktları və meyvə şirələri əsasında Şəfa vitamin qəbul olunur.

- Yemişan cövhəri

12 qram qurudulmuş yemişan meyvəsi üzərunə 100 ml 96 faizli spirt əlavə olunur, ağzı kip bağlanır və 10 gün dəmlənir. Hazır cövhər 1 xörək qaşığı suda 10 damcı həll edilərək gündə 3 dəfə qəbul edilir. Bir çox hallarda yemişan cövhəri ilə pişikotu cövhərini yarıbayarı qarışdırmaq tövsiyə olunur. Qarışıq cövhər axşam yatmazdan qabaq 30 damcı miqdarında qəbul edilir.

- Təzə damotu şirəsi

Təzə damotu yığılır, ilıq su ilə yaxşı yuyulur, şirəsi sıxılır, 1 xörək qaşığı suda 30-40 damcı həll edilərək qəbul edilir. Qurudulmuş damotudan 1 xörək qaşığı 1 stəkan suya əlavə etməklə dəmləmə hazırlanır, gün ərzində iki dəfəyə içilir.

Mənbə: Herba Flora jurnalı


Etiketlər:  Nəbzin seyrəkləşməsi onun xalq təbabətində müalicəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ