Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir

Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir

Tarix: 23 Avqust 2019 14:28

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasından 26 il ötür.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) 1993-cü ilin bu günündə yaranmışdı. Xidmət, birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əsas vəzifələri Azərbaycan Respublikası Prezidentinin, digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin Azərbaycan Respublikasında olduqları vaxt xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkil və təmin edilməsidir.

Xüsusi Dövlət Mühafizə Xidməti Dövlət Mühafizəsi Obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Dövlət orqanlarının internet şəbəkəsinin yaradılması və fəaliyyət göstərməsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. 2003-cü ildən başlayaraq Xüsusi Dövlət Mühafizə Xidməti İxrac neft və qaz boru kəmərlərinin Azərbaycanın quru sahəsindən keçən hissəsinin təhlükəsizliyini təşkil və təmin edir.

XDMX şanlı döyüş yolu keçib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında XDMX hərbi qulluqçuları da şərəflə iştirak edib, qəhrəmanlıq nümunələri göstərib. Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə XDMX hərbi qulluqçularından 13 nəfəri şəhid olub, 21 nəfər itgin düşüb, 55 nəfəri isə müxtəlif dərəcələrdə yaralanıblar. Yaralanan hərbi qulluqçularımızdan 15 nəfəri əlil olub. XDMX-nin hərbi qulluqçusu – Milli Qvardiyanın Alay komandiri mayor Hüseynov Əfqan Qaraxan oğlu göstərdiyi rəşadət və igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin göstərilən fərmanı ilə çavuş Hacıəliyev Camal Şakiroviç (ölümündən sonra) "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Dövlət başçısının bu il avqustun 21-də imzaladığı sərəncamlara əsasən, bir nəfər general-leytenant, bir nəfər general-mayor ali hərbi rütbələri, iki nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 5 nəfər “Vətən uğrunda”, 7 nəfər “İgidliyə görə”, 1 nəfər “Tərəqqi”, 24 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xüsusi Dövlət Mühafizə Xidməti yaşını qeyd edir


RƏYLƏR